Tələbələrimizin istehsalat təcrübəsi davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələrinin müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda istehsalat təcrübəsi davam edir. Təcrübə çərçivəsində tələbələrin praktiki biliklərə dərindən yiyələnməsi, gömrük sisteminin fəaliyyəti ilə daha yaxından tanış edilməsi məqsədilə Bakı Baş Gömrük İdarəsində elmi-praktiki seminar keçirilib. Seminarda Akademiyanın, Bakı Baş Gömrük, Aksizli Mallar üzrə Baş Gömrük və Mərkəzi Gömrük Ekspertizası İdarələrinin rəhbər heyəti, əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova tələbələrin təcrübə müddətində əldə edəcəkləri praktiki biliklərin əhəmiyyətindən söz açaraq, bu müddət ərzində belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra əməkdaşlar tərəfindən İdarələrin gömrük xidmətindəki rolu, iş prinsipləri haqqında məlumat verilərək Akademiya tələbələrinin gömrük fəaliyyətini hər tərəfli öyrənmələrinin əhəmiyyəti qeyd edilib. Eyni zamanda, təcrübə müddətində əldə edilən biliklərin gələcəkdə onların peşəkar mütəxəssis kimi formalaşmasında xüsusi rol oynayacağı vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
03.06.2025