DGKA-da iqtisadi mövzuda debat keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı ilə “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisaslarının tələbələri arasında iqtisadi mövzuda debat təşkil edilib. “Beynəlxalq iqtisadiyyat” fənni üzrə təşkil edilən debatda münsiflər heyəti qismində kafedra müdiri i.ü.f.d. Elvin Əlirzayev, fənn müəllimi Həsən Rəhimli və kafedranın digər müəllimi Dr. Anar Muradov iştirak ediblər.
Debat iqtisadi, siyasi və elmi platformalarda tez-tez müzakirəyə çıxarılan və son illər ölkəmiz üçün də aktual olan “ABŞ və Çin: xarici ticarət, kapital axını və valyuta savaşı” və “Rusiya və Avropa Birliyi: enerji təhlükəsizliyi və ticarət savaşı” mövzularına həsr olunub.
Tədbiri giriş sözü ilə açan Elvin Əlirzayev diqqəti mövzunun aktuallığına cəlb edərək müasir dövrün mürəkkəb iqtisadi-maliyyə şəraitində milli təhlükəsizliyin və iqtisadi dayanıqlığın xarici ticarət, beynəlxalq kapital münasibətləri və enerji təhlükəsizliyindən asılı olduğunu vurğulayıb.
Daha sonra debat qaydalarına uyğun olaraq qruplar qeyd edilən mövzular üzrə arqument və əks-arqumentlərini təqdim ediblər. Qarşılıqlı sual-cavab və müzakirələrlə zəngin olan tədbir tələbələrin “Beynəlxalq iqtisadiyyat” fənnindən əldə etdiyi elmi-nəzəri biliklərin və praktiki analiz vərdişlərinin qiymətləndirilməsinə imkan yaradıb.