DGKA-da Tələbə Elmi Cəmiyyətinin seçki iclası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Elmi Cəmiyyətinin (TEC) seçki iclası keçirilib.
Akademiya əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən iclasda Akademiyanın rəis müavini Cəmilə Namazova çıxış edərək Tələbə Elmi Cəmiyyətinin rolu, məqsəd və vəzifələri haqqında bəhs edib. C. Namazova tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, elmi axtarışlar aparılması işinin Tələbə Elmi Cəmiyyətinin ən önəmli vəzifələrindən biri olduğunu qeyd edib. Akademiyanın rəis müavini tələbələri seçkilərdə fəal iştirak etməyə və obyektiv olmağa çağıraraq, namizədlərə seçkilərdə uğurlar arzulayıb.
Daha sonra namizədlər platformalarını açıqladıqdan sonra səsvermə keçirilib.
Seçkilərdə Akademiyanın Beynəlxalq ticarət və logistika ixtisasının II kurs tələbəsi Qumru Əsədzadə Tələbə Elmi Cəmiyyətinin sədri seçilib. İclasda həmçinin Akademiyada tədris olunan ixtisaslar üzrə TEC-in 30 nəfərlik idarə heyətinin tərkibində 4 elmi mərkəz yaradılaraq mərkəzlərə yeni rəhbər və üzvlər təyin olunub.