Baş səhifə
Nizamnamə
Nizamnamə
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2013-cü il
№ 939
| Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (bundan sonra - Akademiya) ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
1.2. Akademiya hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.
1.3. Akademiya Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün ali təhsilli kadrlar hazırlayır, gömrük orqanlarının işçilərinin əlavə təhsilini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil edir.
1.4. Akademiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.5. Akademiyanın akkreditasiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.6. Akademiya dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
1.7. Akademiya “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını təqdim edir, fəaliyyətinin nəticələri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə hesabat verir.
1.8. Akademiya Bakı şəhərində yerləşir.
2. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri
2.0. Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
2.0.1. gömrük işi üzrə yüksəkixtisaslı kadrların hazırlanması;
2.0.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi;
2.0.3. gömrük işi sahəsində elmi tədqiqatların aparılması;
2.0.4. metodik işin təşkili və təkmilləşdirilməsi.
3. Akademiyanın vəzifələri və hüquqları
3.1. Akademiyanın vəzifələri aşağıdakılardır:
3.1.1. yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, kadrların əlavə təhsilini həyata keçirmək, elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;
3.1.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
3.1.3. dəyişən heyətin attestasiyasını keçirmək;
3.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədlərini və təhsilə dair digər sənədləri vermək;
3.1.5. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;
3.1.6. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;
3.1.7. gömrük işi sahəsində elmi tədqiqat işlərini, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqat işlərini təşkil etmək;
3.1.8. fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi araşdırmalar aparmaq, dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr hazırlamaq;
3.1.9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində ehtiyat kadrların formalaşdırılması işində iştirak etmək;
3.1.10. Akademiyaya ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.11. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;
3.1.12. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;
3.1.13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
3.2. Akademiyanın aşağıdakı hüquqları vardır:
3.2.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;
3.2.2. Akademiyanın tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;
3.2.3. tədris prosesinin metodik təminatını təşkil etmək və təkmilləşdirmək, təlimin forma və metodlarını müəyyən etmək, dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri müstəqil hazırlamaq;
3.2.4. təhsilin nəticələrinə görə təhsilalanların peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək və həmin bilik və keyfiyyətlərdən müvafiq xidmət sahələrində istifadə olunması barədə onlara tövsiyələr vermək;
3.2.5. profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirmək və elmi-metodik sənədlər hazırlamaq;
3.2.6. elmi əlaqələr yaratmaq, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak etmək;
3.2.7. iclaslar, seminarlar, konfranslar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər keçirmək və onların işində iştirak etmək;
3.2.8. Akademiyanın fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək, elmi əsərləri, tədris və tədris-metodik ədəbiyyatları hazırlamaq və nəşr etmək;
3.2.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərmək;
3.2.10. Akademiyanın strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təkliflər vermək;
3.2.11. Akademiyanın işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri qarşısında vəsatət qaldırmaq;
3.2.12. Akademiyanın fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlər üzrə icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.13. “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq, tələbə, magistr, doktorant, müəllim və elmi işçilər mübadiləsi üçün beynəlxalq əlaqələr yaratmaq;
3.2.14. Akademiyanın fəaliyyətinin təşkili məqsədi ilə öz səlahiyyətləri daxilində qanuna zidd olmayan aktlar qəbul etmək;
3.2.15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
4. Akademiyanın strukturu və idarə edilməsi
4.1. Akademiyanın strukturunu və ştat cədvəlini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təsdiq edir.
4.2. Akademiyanın strukturuna rəhbərlik, fakültə, kafedra, şöbə, katiblik, kitabxana və digər struktur bölmələri daxildir.
4.3. Akademiyanın rəhbərliyi Akademiyanın rəisindən və Akademiya rəisinin üç müavinindən ibarətdir.
4.4. Akademiyanın rəisi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Akademiya rəisinin müavinləri isə Akademiya rəisinin təqdimatına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
4.5. Akademiyanın fəaliyyətinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.
4.6. Akademiyanın fəaliyyətinə cari rəhbərliyi Akademiyanın rəisi həyata keçirir.
4.7. Akademiyanın rəisi:
4.7.1. Akademiyanın vəzifələrinin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
4.7.2. Akademiyanın təhsil, təlim-tərbiyə, tədris-metodik, elmi tədqiqat, redaksiya-nəşriyyat və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
4.7.3. dövlət orqanlarında, idarələrində və təşkilatlarında, beynəlxalq təşkilatlarla münasibətlərdə Akademiyanı təmsil edir, Akademiyanın adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təşkilatlarında hesablar açır;
4.7.4. Akademiyanın daxili intizam qaydalarını təsdiq edir;
4.7.5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə Akademiyanın ştat sayı, struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər verir, ştat cədvəlini təsdiq olunmaq üçün təqdim edir;
4.7.6. Akademiyada maddi vəsaitlərin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, öz səlahiyyətləri çərçivəsində Akademiyanın əmlakına və vəsaitlərinə dair sərəncam verir;
4.7.7. Akademiyanın fəaliyyəti ilə bağlı məsələlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, həmin məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;
4.7.8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
4.7.9. öz səlahiyyətləri daxilində Akademiyanın daimi və dəyişən heyəti üçün icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər verir;
4.7.10. Akademiyanın işçilərinə xüsusi rütbələrin verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdimat verir;
4.7.11. Akademiya rəisinin müavinlərinin və digər işçilərin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;
4.7.12. Akademiyanın işçilərinin əməyinin ödənilməsini və onların həvəsləndirilməsini təşkil edir;
4.7.13. Akademiyada kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;
4.7.14. Akademiyada vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
4.7.15. Akademiyanın fəaliyyəti ilə bağlı Akademiyanın Elmi Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.
4.8. Akademiyanın rəisi özünün ayrı-ayrı səlahiyyətlərinin icrasını müvafiq əmrlə Akademiya rəisinin müavinlərinə və Akademiyanın digər vəzifəli şəxslərinə həvalə edə bilər.
4.9. Akademiyanın fəaliyyətinin mühüm məsələlərini müzakirə etmək üçün ali idarəetmə orqanı - Akademiyanın Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.
4.10. Akademiyanın struktur bölmələrinin fəaliyyəti Elmi Şuranın qəbul etdiyi və Akademiya rəisinin təsdiq etdiyi əsasnamələrlə müəyyən olunur.
4.11. Elmi Şuranın tərkibini Akademiya rəisinin təqdimatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təsdiq edir. Elmi Şuranın tərkibinə Akademiyanın rəisi (Elmi Şuranın sədri), Akademiya rəisinin müavinləri, fakültə dekanları, aparıcı kafedraların müdirləri və digər mütəxəssislər daxil edilirlər. Elmi Şuranın tərkibinə həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin rəhbərləri də daxil edilə bilərlər.
4.12. Elmi Şura sədrinin müavinləri və katibi Elmi Şuranın tərkibindən seçilir. Elmi Şuranın səlahiyyət müddəti 5 ildir. Elmi Şura üzvlərinin səlahiyyətlərinə Elmi Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin azı üçdə iki hissəsinin tələbi ilə həyata keçirilir.
4.13. Elmi Şuranın fəaliyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ hüquqi aktlarının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Elmi Şura haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.
4.14. Elmi Şuranın qərarları Akademiya rəisinin əmrləri ilə təsdiq olunur.
4.15. Elmi Şura:
4.15.1. tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir;
4.15.2. kadrların hazırlanması və əlavə təhsili istiqamətində təkliflər verir;
4.15.3. tədris planlarının və proqramlarının layihələrini, metodik, təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat işlərinin və əlavə təhsil planlarının layihələrini müzakirə edir;
4.15.4. Akademiyanın və onun struktur bölmələrinin hesabatlarını dinləyir;
4.15.5. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodik ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;
4.15.6. yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanması istiqamətində iş aparır;
4.15.7. Akademiyanın işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə elmi adlar verilməsi üçün vəsatət qaldırır;
4.15.8. dissertasiyaların mövzularını müəyyən edir;
4.15.9. Akademiyanın maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı tədbirləri müzakirə edir;
4.15.10. adlı təqaüdlər verilməsi üçün namizədləri təsdiq edir;
4.15.11. Akademiyanın strukturu barədə Akademiyanın rəisinə təkliflər verir;
4.15.12. elmi tədqiqatların prioritet istiqamətlərini müəyyən edir, elmi tədqiqat planlarını və onların yerinə yetirilməsinə dair hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsili planlarını təsdiq edir;
4.15.13. doktoranturaya qəbul edilməsi, dissertant təhkim olunması, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün müraciət etmiş şəxslər sırasından namizədləri tövsiyə edir;
4.15.14. Akademiyanın fəxri adlarını təsis edir və verir;
4.15.15. Akademiyanın təhsil birliklərinə, assosiasiyalarına və ittifaqlarına daxil olması və onlardan çıxması məsələlərinə dair Akademiyanın rəisinə təkliflər verir.
4.16. Akademiyanın fakültələri onun tədris-elm və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilindəki bir və ya bir-birinə yaxın olan bir neçə ixtisas üzrə bakalavr və magistrlərin hazırlanması, müvafiq sahə üzrə mütəxəssislərin (kadrların) ixtisasının artırılması və yenidən hazırlanması işini həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.
4.17. Akademiyanın fakültələrinə ümumi rəhbərliyi fakültə elmi şurası həyata keçirir. Fakültə elmi şurası Akademiya rəisinin əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə elmi şurasının sədri - dekandır. Fakültə elmi şurasının vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin azı üçdə ikisinin tələbi ilə həyata keçirilir. Fakültə elmi şurasının tərkibini Akademiyanın rəisi təsdiq edir. Fakültə elmi şurasının tərkibi və səlahiyyətləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Elmi Şura haqqında Əsasnamə” ilə tənzimlənir.
4.18. Kafedra Akademiyanın əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodik, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.
4.19. Akademiyada elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texnik, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur.
5. Akademiyaya qəbul
5.1. Akademiyaya tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
5.2. Akademiyanın bakalavriat səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər qəbul oluna bilərlər.
5.3. Akademiyanın bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda həyata keçirilir.
5.4. Akademiyaya müvafiq ixtisaslar üzrə tələbə qəbulunu Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
6. Akademiyanın tədris fəaliyyəti
6.1. Akademiyada mütəxəssis, elmi və elmi-pedaqoji kadr hazırlığı ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrindən ibarətdir.
6.2. Akademiyada bakalavriat təhsili yalnız əyani formada, magistraturada təhsil isə əyani və qiyabi formalarda təşkil olunur. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti dörd ildir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti iki il, qiyabi forma üzrə isə iki il altı aydır.
6.3. Akademiyada bakalavriat və magistratura təhsili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilir.
6.4. Akademiyada doktoranturanın yaradılması və doktoranturaya qəbul qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
6.5. Akademiyada çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Akademiyanın müvafiq kafedralarına dissertantların təhkim olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
6.6. Akademiyanın əməkdaşlarına elmi dərəcələr və elmi adlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq verilir.
6.7. Akademiyada əlavə təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq təşkil edilir.
6.8. Akademiyada əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
6.8.1. ixtisasartırma;
6.8.2. kadrların yenidən hazırlanması;
6.8.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;
6.8.4. təkrar ali təhsil;
6.8.5. dərəcələrin yüksəldilməsi.
6.9. Akademiyada əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası gömrük orqanlarının əməkdaşlarının əlavə təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na əsasən gömrük sisteminin büdcədənkənar inkişaf fondu hesabına ödənilir.
6.10. Akademiyada ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartına və proqramına, habelə müvafiq ixtisaslar üzrə təhsil proqramına uyğun hazırlanmış və Akademiyanın rəisi tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.
6.11. Akademiya tədris prosesinin forma, metod və vasitələrini müəyyən edərkən, təhsil proqramlarının və tədris planlarının tam həcmdə mənimsənilməsinə şərait yaradır. Akademiyada tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil edilir.
6.12. Akademiyada eyni zamanda beynəlxalq təhsil proqramları həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Nizamnamə ilə tənzimlənir.
6.13. Təhsilalanların attestasiyasının aparılması qaydasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.
6.14. Təhsilalanların bir təhsil proqramından digərinə və ya Akademiyadan başqa bir ali təhsil müəssisəsinə köçürülməsi, xaric edilməsi, Akademiyaya bərpa olunması və onlara akademik məzuniyyət verilməsi məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.
6.15. Ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom verilir.
6.16. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi - diplom verilir.
6.17. Ali təhsilin müvafiq səviyyələrini başa vurmayan təhsilalanlara “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir.
7. Akademiyanın elmi tədqiqat fəaliyyəti
7.1. Akademiyada mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.
7.2. Akademiyanın elm sahəsində fəaliyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində və gömrük işində tətbiqinə yönəldilir.
7.3. Akademiyada aparılan elmi tədqiqat işləri fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi xarakter daşıyır.
7.4. Akademiya apardığı elmi tədqiqat işlərinin nəticələrinin gömrük işi sahəsində və tədris prosesində (mühazirə, məşğələ, seminar və laboratoriya dərslərində, kurs layihələrində, kurs və buraxılış işlərində, magistr dissertasiyalarında) tətbiq olunmasını və onların monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla, elmi forumlarda məruzə edilərək yayılmasını təşkil edir.
7.5. Akademiyada həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardan ibarətdir:
7.5.1. fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi araşdırmaların aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;
7.5.2. elmi xarakterli tapşırıqları icra etmək;
7.5.3. kadrların elmi potensialından səmərəli istifadə etməklə təlimin keyfiyyətini yüksəltmək;
7.5.4. professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;
7.5.5. elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;
7.5.6. tədris və elmi proseslərin vəhdətini təmin etmək;
7.5.7. elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təcrübi fəaliyyətində tətbiq etmək;
7.5.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;
7.5.9. müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;
7.5.10. normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək;
7.5.11. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.
7.6. Akademiyada elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.
7.7. Akademiyanın elmi tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla Elmi Şuranın təsdiq etdiyi perspektiv və cari planlara uyğun olaraq həyata keçirilir.
8. Akademiyanın daimi və dəyişən heyəti
8.1. Akademiyanın daimi heyəti rəhbərlikdən, professor-müəllim heyətindən, elmi işçilərdən və ştat cədvəli ilə müəyyən edilmiş digər işçilərdən ibarətdir.
8.2. Akademiyanın daimi heyətinə aid vəzifələrə kadrların təyin və azad edilməsi Akademiya rəisinin təqdimatı əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən həyata keçirilir.
8.3. Professor-müəllim heyəti və elmi işçi vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə müasir tələblərə uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq bacarığına malik şəxslər təyin edilirlər. Elmi dərəcəsi və elmi adı, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi olan şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.
8.4. Akademiyanın daimi heyətinə daxil olan şəxslərin, o cümlədən Akademiyanın inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texnik, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə, Akademiyanın daxili intizam qaydaları, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ hüquqi aktları və işəgötürənlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.
8.5. Akademiyanın professor-müəllim heyətinin və elmi işçilərinin vəzifələri aşağıdakılardır:
8.5.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
8.5.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;
8.5.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
8.5.4. təhsilalanları elmi fəaliyyətə cəlb etmək;
8.5.5. təhsilalanlarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
8.5.6. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
8.5.7. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
8.5.8. təhsilalanların fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
8.5.9. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçmək;
8.5.10. attestasiyadan keçmək;
8.5.11. daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək;
8.5.12. Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq.
8.6. Akademiyanın professor-müəllim heyəti və elmi işçilərinin aşağıdakı hüquqları vardır:
8.6.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
8.6.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək;
8.6.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
8.6.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.6.5. Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
8.6.6. əlavə təhsil almaq, elmi dərəcəsini yüksəltmək;
8.6.7. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq.
8.7. Akademiyanın dəyişən heyəti (təhsilalanlar) Akademiyada təhsil alan müdavimlərdən, dinləyicilərdən və doktorantlardan (dissertantlardan) ibarətdir.
8.8. Müdavimlər - Akademiyada əyani formada təhsil alan şəxslərdir.
8.9. Dinləyicilər - Akademiyada əlavə təhsil alan şəxslər və Akademiyada qiyabi formada təhsil alan şəxslərdir.
8.10. Doktorantlar (dissertantlar) - Akademiyanın müvafiq struktur bölməsində elmi hazırlıq keçən şəxslərdir.
8.11. Akademiyaya qəbul edilənədək xüsusi rütbəsi olan şəxslərin həmin rütbələri saxlanılır.
8.12. Akademiyanın dəyişən heyətinin (təhsilalanların) vəzifələri aşağıdakılardır:
8.12.1. dövlət təhsil standartına uyğun biliyə, bacarığa və vərdişlərə yiyələnmək;
8.12.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
8.12.1-2. sağlam həyat tərzi keçirmək;
8.12.1-3. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.
8.12.2. daimi heyətin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
8.12.3. bu Nizamnamənin tələblərinə riayət etmək;
8.12.4. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.
8.13. Akademiyanın dəyişən heyəti (təhsilalanlar) aşağıdakı hüquqlara malikdir:
8.13.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
8.13.2. Akademiyanın tədris planlarına uyğun olaraq, tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və akademik məsləhətçiləri (tyutorları) sərbəst seçmək;
8.13.3. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman və sağlamlıq mərkəzlərindən, yataqxanalardan, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;
8.13.4. ali təhsil müəssisəsini və ixtisasını dəyişmək;
8.13.5. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
8.13.6. həyatı və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
8.13.7. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.13.8. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
8.13.9. Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək;
8.13.10. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
8.13.11. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
8.13.12. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.
9. Akademiyanın maliyyə-təsərrüfat fəaliyyəti
9.1. Akademiyanın əmlakı dövlət, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən onun istifadəsinə, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.
9.2. Akademiya öz mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
9.3. Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və gömrük sisteminin büdcədənkənar vəsaiti hesabına həyata keçirilir.
9.4. Akademiya bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (təhsil, elmi tədqiqat, məsləhət-konsaltinq və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə edə bilər.
9.5. Akademiyanın özəlləşdirilməsi qadağandır.
9.6. Akademiya mövcud qanunvericilik çərçivəsində, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak Akademiyaya dövlət büdcəsindən ayrılan vəsaitin məbləğinə təsir göstərmir və ondan Nizamnaməyə uyğun olaraq sərbəst istifadə edilir.
9.7. Akademiyanın əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Akademiya ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, daimi və dəyişən heyətə maddi yardımlar göstərir.
9.8. Akademiyanın maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
9.9. Akademiya aşağıdakı mənbələrdən maliyyələşdirilir:
9.9.1. dövlət büdcəsinin vəsaitləri hesabına;
9.9.2. ödənişli təhsildən əldə olunan vəsaitlər hesabına;
9.9.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Akademiyaya verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına;
9.9.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları hesabına;
9.9.5. Akademiyanın təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və bu Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına;
9.9.6. hüquqi və fiziki şəxslərin, müqavilə əsasında, əlavə təhsil məqsədi ilə ayırdıqları vəsaitlər hesabına;
9.9.7. dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsaitlər hesabına;
9.9.8. Akademiyanın mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına;
9.9.9. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə olunan digər vəsaitlər hesabına.
9.10. Akademiya bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
9.11. Akademiya öz fəaliyyətinin nəticələrinin uçotunu aparır.
10. Akademiyanın beynəlxalq əməkdaşlığı
Akademiyanın xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.
11. Akademiyanın yenidən təşkili və ləğvi
11.1. Akademiyanın yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
11.2. Akademiya ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.