Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-Koreya əməkdaşlığı: TAKTIC beynəlxalq layihəsi təqdim olunub

DGKA-Koreya əməkdaşlığı: TAKTIC beynəlxalq layihəsi təqdim olunub

Cənubi Koreyanın Ho ENT Korporasiyasının ekspertləri və DGKA-nın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov tərəfindən hazırlanmış "TAKTIC - Orta Dəhliz üçün Azərbaycanın Gömrük Bilik və Təlim Platforması" layihəsinin təqdimatı və TAKTIC platforması üzrə məsələlərini müzakirəsi üçün DGKA-da Korporasiyanın nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə qonaqları salamlayan Qulu Novruzov Akademiya ilə Ho ENT Korporasiyası arasında əməkdaşlığın gömrük sahəsində innovativ yanaşmalar və insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. O, TAKTIC platformasının Orta Dəhliz ölkələrində gömrük sahəsində təlimlərin rəqəmsal transformasiyasına və Azərbaycanın regional liderliyinin güclənməsinə töhfə verəcəyini vurğulayıb. Q. Novruzov, həmçinin bu əməkdaşlığın praktiki əsaslara söykəndiyini və Orta Dəhliz ölkələri ilə bilik və təcrübə mübadiləsini genişləndirəcəyinə əminliyini vurğulayıb.

2 gün ərzində davam edən görüşlərdə Korporasiyanın nümayəndələri tərəfindən “TAKTIC" layihəsi haqqında ümumi məlumat verilərək platformasının əsas funksional imkanları, şəbəkə texnologiyasının konfiqurasiyası və işləmə mexanizmi, qlobal tətbiqetmə strategiyaları barədə təqdimatlar keçirilib, digər texnoloji əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, sözügedən layihə Gömrük Akademiyasının təşəbbüsü və liderliyi ilə formalaşdırılan və gələcəkdə tətbiqi təklif edilən ilk regional rəqəmsal gömrük təlim sistemidir. Layihənin əsas məqsədi Orta Dəhliz ölkələri arasında gömrük əməkdaşlarının peşəkar hazırlığını müasir, innovativ texnologiyalarla təmin etməkdir. Platforma istifadəçilərə öz dillərində təlim məzmunu yaratmaq, təlimlər təşkil etmək, sertifikatlaşdırma proqramları həyata keçirmək, VR modulları ilə praktiki bacarıqlar əldə etmək və bilik mübadiləsi aparmaq imkanı verir.