Gömrük Akademiyasında buraxılış işlərinin müdafiəsi başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında IV kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin müdafiəsi başlayıb. 2022/2023-cü tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “İqtisadiyyat” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının bir qrup tələbəsinin buraxılış işlərinin müdafiəsi keçirilib.
Müdafiədə "İqtisadiyyat" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, i.ü.f.d., dosent Elçin Süleymanov, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi kafedrasının dosenti, f.r.ü.f.d. Yaşar Hacıyev və Dövlət Gömrük Komitəsinin eləcə də digər ali təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.
Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb.
Komissiyanın sədrləri də çıxış edərək müdafiədə iştirak edən tələbələrə xoş arzularını çatdırıblar.
Sonra tələbələr buraxılış işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlar vasitəsilə Dövlət Attestasiya Komissiyasının qarşısında çıxış edərək komissiyanın suallarını cavablandırıblar.
Qeyd edək ki, 2022/2023-cü tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq", “İqtisadiyyat” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə buraxılış işlərinin, magistratura səviyyəsi üzrə isə “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçiriləcək.