Spam

(en. spam,  ru. спам, tr. spam) kommersiya və başqa məzmunlu reklamların, eləcə də digər növ məlumatların, həmin məlumatları almaq arzusunda olmayan şəxslərə kütləvi göndərilməsi. “SPAM” sözü 1936-cı ildə meydana çıxıb; “SPiced hAM” (acı verçina) ifadəsinin qısaltması olan SPAM sözü Hormel Foods Corporation şirkətinin ət məhsullarının əmtəə nişanı idi. İkinci dünya müharibəsində təkcə Amerika əsgərlərini deyil, həm də müttəfiqlərin əsgərlərini təchiz etmək üçün hazırlanmış bu konservlərin müharibədən sonra böyük ehtiyatı qalmışdı. Ona görə də Hormel Foods şirkəti bu məhsulların geniş reklamına başladı: “SPAM” sözünə hər addımda rast gəlinirdi, bütün ucuz mağazaların vitrinində, avtobus və tramvayların bortunda bu söz yazılmışdı. Bu sözü evlərin fasadlarında, qəzetlərdə oxumaq olardı. “SPAM” konservlərinin reklamı daim radio ilə yayımlanırdı.

1986-cı ildə Usenet konfranslarında hansısa Deyv Rodes adından yeni maliyyə piramidasını reklam edən eyni məzmunlu çoxlu məlumat meydana çıxdı. Başlığı “Çoxlu pul qazanın” olan bu məktublarda bunu necə etməyin təlimatı verilirdi. Məktub müəllifi öz mətnlərini elə böyük inadla çoxladaraq yayırdı ki, bu məktublardan “boğaza yığılmış” abunəçilər onları yuxarıda adı çəkilən konservlərlə müqayisə etməyə başladılar. Beləliklə, “spam” sözü yeni məna qazandı və sonradan zəhlətökən reklam göndərişlərini ifadə edən kompüter termininə çevrildi.

Qanuni bizneslə məşğul olan bəzi şirkətlər öz mallarını, yaxud xidmətlərini spam vasitəsilə reklam edirlər. Belə reklam ucuz başa gəlir və daha çox potensial müştərilərini əhatə edir. Ancaq belə reklam alıcıları ehtiyatlandırmaqla əks effekt də verə bilər.

Bəzən fırıldaqçılar məktubu alan şəxslərdən pul qoparmaq üçün spamdan istifadə edir. Ən geniş yayılmış üsul “Nigeriya fırıldağı” (nigerian scam) adını alıb, çünki belə məktubların əksəriyyəti Nigeriyadan göndərilir. Fırıldaqçılığın başqa bir növü “fişinq” (phishing) adlanır.

Ən böyük spam axını elektron poçtla yayılır. Hazırda ümumi elektron poçt trafikində virusların və spamların payı müxtəlif qiymətləndirmələrə görə 70-95 faiz təşkil edir.