Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir

Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələrinin istehsalat təcrübəsi çərçivəsində DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində elmi-praktiki seminar keçirilib. Seminarda Akademiyanın və Baş İdarəninin rəhbər heyəti, əməkdaşları və tələbələr iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Elçin İsgəndərov Baş İdarənin gömrük xidmətindəki rolu haqqında məlumat verərək Akademiya tələbələrinin gömrük fəaliyyətini hər tərəfli öyrənmələrinin əhəmiyyətini qeyd edib və təcrübə müddətində əldə edilən biliklərin onların gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmalarında xüsusi rol oynacağını vurğulayıb.

Elmi-praktiki seminarda çıxış edən Akademiyanın Elmi işlər üzrə rəis müavini prof. Cəmilə Namazova təcrübə müddətində tələbələrin praktiki biliklərə dərindən yiyələnməsi, gömrük xidmətinin fəaliyyəti ilə daha yaxından tanış edilməsi məqsədilə təşkil edilən silsilə tədbirlərin önəmini vurğulayıb. Prof. C. Namazova gömrük sisteminin yaradılması və formalaşdırılmasında Ümummilli lider Heydər Əliyevin rolundan söz açaraq gömrük sistemində Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyətindən və enerji resurslarının daşınmasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindən bəhs edib.

Daha sonra Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tələbələrə idarənin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əsas fəaliyyət sahələri, iş prinsipləri barəsində məlumat verilib və onların sualları cavablandırılıb.