Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ISO standartları üzrə növbəti audit keçirilib

Gömrük Akademiyasında ISO standartları üzrə növbəti audit keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında ISO 9001, ISO 45001, ISO 10002 sertifikatlarının audit prosesi keçirilib. Akademiyanın struktur bölmələrində təşkil edilən audit Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən aparılıb.

Auditdən əvvəl Akademiya rəhbərliyinin və ISO İşçi qrupunun iştirakı ilə qonaqla görüş keçirilib.

Qonağı salamlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov keçirilən auditin əhəmiyyətindən danışaraq Akademiyada müvafiq standartlarının tətbiqi ilə bağlı görülən işlər haqqında ümumi məlumat verib. Daha sonra gün ərzində Akademiyanın struktur bölmələrində davam edəcək auditin əsas mərhələləri müzakirə edilib.

Xarici audit zamanı Arzu Gülhan Yüzereroğlu müvafiq standart üzrə sənədləri və iş prosesini incələyib, struktur bölmələrin iş prosesi ilə yaxından tanış olub və konkret sahələr üzrə təkmilləşdirilmənin daha da yüksək səviyyədə həyata keçirilməsi üçün bir sıra təkliflər irəli sürüb.

Sonda auditlə bağlı yekun iclas keçirilib. İclasda Arzu Gülhan Yüzereroğlu çıxış edərək Akademiyada “Keyfiyyəti İdarəetmə Sistemi”, “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” və “Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi” standartları ilə bağlı görülmüş işləri yüksək qiymətləndirib, müəyyən məsələlərlə bağlı təkliflərini bölüşüb, auditin tam şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə Akademiya rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası daha öncə TSE tərəfindən keçirilən təlimlər və Akademiyanın bütün strukturlarında aparılan auditlər nəticəsində “Keyfiyyəti İdarəetmə Sistemi” standartı üzrə TS EN ISO 9001:2015, “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə TS EN ISO 45001:2018 və ISO 10002 “Müştəri məmnuniyyəti idarəetmə sistemi” standartı üzrə isə TS ISO 10002:2018 beynəlxalq sertifikatlarına layiq görülüb.