Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri üçün təşkil edilən kibertəhlükəsizlik məktəbinin bağlanış mərasimi keçirilib
Gömrük Akademiyasının tələbələri üçün təşkil edilən kibertəhlükəsizlik məktəbinin bağlanış mərasimi keçirilib
Tədbirin açılış mərasimdə çıxış edən Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavini Araz Aslanlı iştirakçıları salamlayaraq kibertəhlükəsizlik sahəsində kritik düşünmə qabiliyyətinə malik savadlı kadrların hazırlanması məqsədi ilə təşkil edilən layihənin önəmindən bəhs edib. Rəis müavini tələbələrin bu cür təlim layihələrində iştirakının onların günümüzün aktual peşə sahələrinə yönləndirilməsini təşviq etdiyini vurğulayıb. A. Aslanlı Akademiyanın tərəfdaşı olan “Coders Azerbaijan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından da söz açaraq layihənin təşkilində əməyi keçən hər bir kəsə təşəkkür edib.
Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova Technest təqaüd proqramı barəsində ətraflı bəhs edərək proqramın əsas məqsədlərindən biri də ölkədə rəqəmsal inkişafa töhfə vermək olduğunu qeyd edib. F.Ələkbərova kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislərin yetişdirilməsinin vacibliyini, təşkil edilən bu cür layihələrin gənclər arasında geniş maraq doğurduğunu qeyd edərək gələcəkdə də Gömrük Akademiyası ilə birgə əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyinə əminliyini vurğulayıb.
“Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov çıxış edərək təmsil etdiyi qurumun məqsədinin sənaye sektoru ilə təhsil sektorunu bir araya gətirərək İT sahəsi üzrə peşəkar kadr hazırlamaq olduğunu qeyd edib. O, Gömrük Akademiyası ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq layihənin uğurla reallaşmasında dəstək olan hər bir kəsə minnətdarlığını bildirib.
Akademiyanın tərəfdaş qurumu “TIM Consulting” MMC-nin icraçı direktoru Teymur Hacıyev isə müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən insan resurslarına tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdırıraq Akademiyanın İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra tədbirdə tədris proqramı barəsində məlumat verilib və layihə çərçivəsində görülmüş işlər haqqında hesabat təqdim olunub.
Tədbirin ikinci hissəsində tələbələr tərəfindən kibertəhlükəsizlik sahəsində hazırlanan qrup işləri təqdim edilib və səsvermə keçirilib.
Sonda səsverməyə əsasən layihənin qalib gələn komandasına, iştirakçılara və layihə könüllülərinə sertifikatlar, hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 14 gün ərzində davam edən kibertəhlükəsizlik üzrə qış məktəbinin təlimləri yerli, həmçinin Türkiyə və İngiltərədən olan təcrübəli mütəxəssislər tərəfindən Dövlət Gömrük Komitəsinin Akademiyası və “Coders Azerbaijan” Tədris Mərkəzində təşkil edilib. Akademiyanın 20 nəfər tələbəsini əhatə edən təlimlərdə iştirakçılar intensiv tədrisdə iştirak edərək hücum və müdafiə xarakterli kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlara yiyələniblər.