Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib
Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp 2023” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələrin inkişafi departamentinin rəhbəri Fatimə Ələkbərova, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi İnformasiya sistemləri və texnologiyalar idarəsinin rəisi Eşqin Məmmədov, “Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov, tərəfdaş qurumların nümayəndələri, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirin açılış mərasimdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov təşkil edilən layihənin önəmindən söz açaraq rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə istər ölkəmiz, istərsə də bütün dünyada kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Q. Novruzov Akademiyanın tərəfdaşı “Coders Azerbaijan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq, layihənin təşkilində əməyi keçən hər bir kəsə təşəkkür edib. Akademiya rəisi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla reallışdırılan inkişaf konsespiyasının davam etdirilməsində dövlətimizin savadlı və bacarıqlı gənclərə ehtiyacı olduğunu vurğulayaraq, layihəyə seçilən Akademiya tələbələrini təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova tələbələri qarşıdan gələn 2 fevral - Gənclər Günü münasibətilə təbrik edərək Technest təqaüd proqramı barəsində ətraflı bəhs edib. O, proqramın əsas məqsədinin İKT üzrə ölkədə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə vermək olduğunu qeyd edərək, gələcəkdə də Gömrük Akademiyası ilə birgə əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyinə əminliyini vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin İdarə rəisi Eşqin Məmmədov informasiya texnologiyalarının tətbiqi sahəsində gömkük orqanlarında həyata keçirilən islahatlardan söz açaraq tələbələrə İT sahəsi üzrə bilik və bacarıqlarının artırılmasına dair öz tövsiyələrini verib.
“Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov isə təmsil etdiyi qurumun məqsədinin sənaye sektoru ilə təhsil sektorunu bir araya gətirərək İT sahəsi üzrə peşəkar kadr hazırlamaq olduğunu qeyd edərək, layihənin dəstəkçilərinə minnətdarlığını bildirib.
Daha sonra tədbir iştirakçılarına layihə və tədris proqramı barəsində ətraflı məlumat verilib.
Sonda Akademiyanın layihəyə seçilən 20 nəfər tələbəsinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 1-14 fevral tarixlərini əhatə edən kamp çərçivəsində iştirakçılar intensiv tədrisdə iştirak edərək həm nəzəri, həm də praktiki bilik və bacarıqlar qazanacaq və təlimin yekununda qruplar şəklində layihə hazırlayıb təqdim edəcəklər.