Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib

Gömrük Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Bakı 2 saylı mediasiya təşkilatının sədri, Mediasiya Şurası Etika Komitəsinin sədri İlhamə Həsənova iştirak ediblər.

Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Q.Novruzov digər ixtisaslarla yanaşı hüquqşünaslıq ixtisası üzrə kadr hazırlayan və tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi önəm verən Gömrük Akademiyası ilə Mediasiya Şurası arasında əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Daha sonra tədbirdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

Akademiyanın fəaliyyətini yüksək qiymətləndirən Ədliyyə Nazirliyinin idarə rəisi Aynur Sabitova yeni fəaliyyətə başlamış Mediasiya Şurası ilə həyata keçirilən qarşılıqlı fəaliyyətdən söz acaraq, Akademiya ilə birgə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən bəhs edib.

Görüşdə çıxış edən Şuranın İdarə Heyətinin sədri Nadir Adilov görüşün əhəmiyyətindən danışaraq qurumun yaranma tarixi, əsas funksiyaları haqqında məlumat verib.

Daha sonra görüş çərçivəsində Mediasiya Şurası tərəfindən Akademiyanın hüquqşünaslıq ixtisasının tələbələri üçün “Azərbaycanda mediasiya islahatları” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda tələbələrə mediasiya anlayışı, mediatorların fəaliyyəti, ölkəmizdə mediyasiyanın inkişaf tarixi barəsində məlumat verilib.

Təlimdə həmçinin Mediasiya Şurası Etika Komitəsinin sədri İlhamə Həsənova mediasiyanın məqsəd və prinsipləri, qanunvericiliyi, mediasiyanın mərhələləri barəsində geniş bəhs edərək mövzu üzrə tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

Sonda Akademiya rəisi tələbələrin maarifləndirilməsi istiqamətində təşkil edilən seminarın əhəmiyyətini vurğulayaraq qonaqlara geniş və maraqlı çıxışları üçün öz təşəkkürünü bildirib və yeni formalaşan Mediasiya Şurasının fəaliyyətinə uğurlar arzulayıb.