Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri səhnələşdirilmiş parlament simulyasiyasında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri səhnələşdirilmiş parlament simulyasiyasında iştirak ediblər

Bakı Dövlət Universitetinin (BDU) Əmək və ekologiya hüququ kafedrasının professoru Mayis Əliyevin təşkilatçılığı və rəhbərliyi ilə “Səhnələşdirilmiş parlament debatı” adlı simulyasiya keçirilib.

BDU-nun Hüquq fakültəsinin tələbələrinin səhnələşdirdiyi parlament debatında Universitetin elmi-pedaqoji heyəti, Hüquq fakültəsinin və “SABAH” Mərkəzinin rəhbərliyi, o cümlədən Milli Məclisin deputatları, hüquqşünas-vəkillər, bır sıra ali təhsil müəssisələrinin rəhbərləri və tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquq və humanitar elmlər kafedrasının müdiri Hakim Əzizov və Akademiyanın hüquqşünaslıq ixtisasının bir qrup tələbəsi də iştirak edib.

Rol oyunları metodundan istifadə etməklə təşkil olunmuş debatda tələbələr “Sosial təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini müzakirə ediblər.

Debatda rol oyunları metodunun hüquqi təhsil prosesində tətbiqinin əhəmiyyəti geniş şəkildə müzakirə olunub, bununla bağlı tədbir iştirakçılarının və deputatların fikirləri dinlənilib.

Professor Mayis Əliyev çıxış edərək tələbələrdə parlament debatı aparmaq mədəniyyətinin, həmçinin hüquq düşüncəsi və mədəniyyətinin, təhlillər aparmaq bacarıqlarının formalaşdırılması məqsədilə təşkil edilən tədbirin əhəmiyyətindən bəhs edib.

Sonda müvafiq rolları canlandıran və tədbirin təşkilində yaxından iştirak edən tələbələrə təşəkkürnamə təqdim edilib.