Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında “Şuşa ili”nə həsr olunmuş yarış keçirilib

Gömrük Akademiyasının tələbələri arasında “Şuşa ili”nə həsr olunmuş yarış keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Şuşa İli”nə həsr olunmuş Tədbirlər Planı çərçivəsində şahmat turniri keçirilib. TGT-nin təşkilatçılığı ilə keçirilən yarışda Akademiyanın müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.

İsveçrə sisteminə əsasən keçirilən yarış 7 turdan ibarət olub. Ümumilikdə 24 tələbə arasında keçirilən yarışın nəticələrinə əsasən Akademiyanın Beynəlxalq ticarət və logistika ixtisasının I kurs tələbəsi Ramil Cəfərov I yerə, İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbələri İlqar Abbasov və Müşfiq Nağıyev isə II və III yerlərə layiq görülüblər.

Sonda şahmat turnirin qalibləri kubok və sertifikatlarla mükafatlandırılıb.

Mükafatlandırma mərasimində çıxış edən Akademiyanın rəis müavini Cəmilə Namazova Şuşa ilinə həsr olunan və intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, şahmatçıları üzə çıxarmaq, eyni zamanda, tələbələrin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilmiş yarışın əhəmiyyətindən bəhs edib. C.Namazova tələbələrə elmə, təhsilə, tədqiqat bacarıqlarının, dünyagörüşlərinin artırılmasına daha çox diqqət yetirmələrini məsləhət görərək yarışın qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.