Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Work4CE” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib
Gömrük Akademiyasında “Work4CE” layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib
Oktyabrın 28-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası üzrə “Work4CE” konsorsium layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilib. Pilot təlimləri və layihə görüşünü əhatə edən tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, Ukraynanın Azərbaycandakı Səfirliyinin birinci katibi Yevhen Osadcyi, layihənin koordinatoru prof. Qalina Tabunşçük, layihəyə üzv olan digər xarici və yerli ali təhsil müəssisələrinin təmsilçiləri, eləcə də Akademiyanın tərəfdaş qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Akademiyanın rəisi Qulu Novruzov, qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. O, layihə çərçivəsində Akademiyada geniş miqyasda keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək, ali təhsil müəssisəsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsi zamanı öz qüdrətini bütün dünyaya göstərən Azərbaycanın gələcəkdə də, digər sahələrlə yanaşı təhsil sahəsində də beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə və ölkələrarası əməkdaşlığa xüsusi töhfə verən bu cür beynəlxalq tədbirlərin davamlı olacağına əminliyini vurğulayıb.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayev qonaqları salamlayaraq görüşün əhəmiyyətindən, əməkdaşlıqla bağlı layihələrin icrasından danışıb. Akademiyanın son illərdə inkişaf edən beynəlxalq əməkdaşlıq fəaliyyətindən bəhs edən İqbal Babayev “Work4CE” layihəsi ilə bağlı da müsbət gözləntilərin olduğunu qeyd edib.
Daha sonra çıxış edən layihənin koordinatoru Qalina Tabunşçük “Work4CE” çərçivəsində görülən işlərdən, Azərbaycanın ali təhsil müəssisələrinin layihədəki əhəmiyyətli rolundan bəhs edərək, layihəyə göstərdiyi dəstək üçün Akademiyaya təşəkkürünü bildirib.
Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə layihənin tərəfdaş ali təhsil müəssisələri olan Kiyev Milli İnşaat və Memarlıq Universiteti (Ukrayna), Qərbi Ukrayna Milli Universiteti, Zaporojya Milli Politexnik Universiteti (Ukrayna) arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Tədbir çərçivəsində, həmçinin layihənin idarə edilməsi ilə bağlı görüş keçirilib. Görüşdə şəbəkə fəaliyyətlərində üzvlərin rolu, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları, layihələrin icra mexanizmlərinin və idarə olunmasının təkmilləşdirilməsi, birlikdə yeni uğurlu layihələrin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.
Daha sonra tədbirin gündəliyinə uyğun olaraq Akademiyanın müəlllim və tələbə heyətinə müxtəlif modullar üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilib. Təlimlərdə ekodizayn, M03 Sənaye 4.0: Rəqəmsal əkizlər modulunun tədris edilməsi üsulları, biznesdə konstruktiv ünsiyyət, rəqəmsal dəyişikliyin idarə edilməsi, açıq tədris resursları, daxili sistemlər və texnoloji trendlər mövzularında iştirakçılara ətraflı məlumat verilib.
Sonda tədbirin bağlanış mərasimi keçirilib.
Qeyd edək ki, Gömrük Akademiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində “Work4CE” konsorsiumunun icraedici strukturunda Azərbaycanı təmsil edir.
Avropa Komissiyasının bu layihəniт məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.