Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Şanxay Gömrük Kollecinin tələbələri üçün xüsusi tədris proqramına başlayıb

Gömrük Akademiyası Şanxay Gömrük Kollecinin tələbələri üçün xüsusi tədris proqramına başlayıb

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Təlim Mərkəzi (RTM) olan Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) özünün ilk beynəlxalq virtual təhsil və mübadilə proqramını yaradıb. Proqramın icrasına 2022-2023-cü tədris illinin payız semestrində başlanılıb. Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının təlim qurumu və ÜGT-nin Asiya-Sakit Okean ölkələri üzrə RTM-i olan Şanxay Gömrük Kollecinin (ŞGK) gömrük inzibatçılığı sahəsində bakalavriat səviyyəsində təhsil alan tələbələri DGKA beynəlxalq proqramının ilk tələbələridirlər.

Akademiyanın peşəkar professor-müəllim heyəti tərəfindən ingilis dilində onlayn və interaktiv formada aparılan proqram çərçivəsində Menecment, Orta Dəhliz və Cənubi Qafqaz, Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və Azərbaycan Respublikasının gömrük sisteminin funksiya və öhdəliklərinə dair fənlərin tədrisinə başlanılıb. Proqram çərçivəsində xarici tələbələrə nəzəri fənlərlə yanaşı, Azərbaycan gömrük sisteminin işləmə mexanizmi, onun əsas üstünlükləri, qanunvericilik bazası öyrədilir. Bundan başqa, tarixi İpək yolunun bərpası prosesində Azərbaycanın aktiv rolu, eləcə də ölkəmizin regionun logistika və daşımaçılıq şəbəkələrindəki kritik rolu və tranzit qovşağındakı vacib mövqeyi ətraflı şəkildə izah edilir. Proqramda Orta Dəhlizinin Cənubi Qafqaz hissəsinin effektivliyi baxımından Azərbaycanın bölgədə sülhün bərqərar olması istiqamətində apardığı haqlı mübarizəsi, həm də müxtəlif geo-iqtisadi və geosiyasi mövzular əsasında müzakirə edilir.

Qeyd edək ki, ÜGT RTM statuslarını daşıyan hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi 2021-ci ildə imzalanıb. Mübadilələr və birgə proqramların həyata keçirilməsini də əhatə edən müqavilə çərçivəsində ŞGK və DGKA birgə beynəlxalq təlim-tədris proqramlarında tələbələrin qarşılıqlı iştirakı barəsində razılığa gəliblər. Ona uyğun olaraq, DGKA-nın bakalavriat səviyyəsində təhsil alan 5 tələbəsi 2021-2022-ci tədris ilində ŞGK tərəfindən onlayn formada təşkil edilən beynəlxalq mübadilə proqramına seçilmiş və proqramdan yüksək göstəricilərlə məzun olmuşdur. Hazırda Akademiyanın 3 tələbəsi həmin proqramın iştirakçısıdır.

Xatırladaq ki, bakalavriat səviyyəsində, qarşılıqlı şəkildə həyata keçirilən akademik virtual beynəlxalq proqram ÜGT RTM-ləri arasında ilk dəfə olaraq Azərbaycan və Çin arasında yaradılmışdır. Akademiyanın beynəlxalq əməkdaşlıq sahəsində reallaşdırdığı bu fəaliyyətlər çərçivəsində eyni zamanda Azərbaycan Gömrük Xidməti orqranlarının əməkdaşlarının Şanxay Gömrük Kollecinin, eləcə də Gömrük Akademiyasının Çin Xalq Respublikasında digər tərəfdaşlarının (Beynəlxalq Biznes və İqtisadiyyat Universiteti) da təşkil etdiyi virtual seminar və təlimlərdə iştirakı təmin edilir.