Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının İKT təlim proqramı layihəsi Koreya hökuməti tərəfindən seçildi
Gömrük Akademiyasının İKT təlim proqramı layihəsi Koreya hökuməti tərəfindən seçildi
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) 2021-ci il üzrə Azərbaycan dövlət qurumlarının kadr potensialının gücləndirilməsi sahəsində təlimlər üzrə layihə təkliflərinin qəbul edilməsi ilə bağlı 2020-ci il elanına əsasən, Azərbaycan dövlət qurumlarının KOICA-ya göndərdiyi layihə təklifləri 2021-ci il ərzində dəyərləndirilmiş və layihə təkliflərinin seçilməsi üzrə mərhələlər Koreya hökuməti tərəfindən aparılmışdır.
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfindən 2020-ci ilin dekabrında KOICA elanı əsasında hazırlanıb təqdim edilmiş "Azərbaycan üçün Gömrükdə İnformasiya və Kommunikasiya Texnologiyaları Potensialının Gücləndirilməsi" ("Customs ICTs Capacity Enhancement for Azerbaijan") təlim proqramı layihəsi Koreya hökuməti və KOICA-nın apardığı bütün seçim mərhələlərindən uğurla keçmişdir.
Layihənin əsas məqsədləri gömrük sahəsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi, gömrük sahəsi üzrə təlim-tədrisdə rəqəmsal bacarıqlar, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi və peşəkarlığının artırılması istiqamətlərində Koreyanın təcrübələrini öyrənmək və onlardan faydalanmaqdır. Proqramın icra müddəti 2022-2024-cü illəri əhatə edir. Layihə çərçivəsində 3 il ərzində hər il 20 nəfər olmaqla bütövlükdə 60 nəfər gömrük xidməti əməkdaşı Koreyada və Azərbaycanda əyani, eləcə də virtual formatda müxtəlif mövzularda keçiriləcək təlim, seminar, mühazirə və konsultasiya sessiyalarında iştirak edəcəkdir.
KOICA təlim proqramı çərçivəsində Koreya Gömrük Xidmətinin müxtəlif fəaliyyət sahələrində İKT-nin istifadəsi üzrə qabaqcıl biliklərin öyrənilməsi, gömrük sahəsində təlim modelləri və təlimlərdə İKT-nin tətbiqi haqqında məlumatlılığın artırılması, həmçinin Azərbaycanda Koreya təcrübəsi əsasında informasiya kommunikasiya texnologiyalarının gömrük sahəsində istifadəsi ilə bağlı müxtəlif fəaliyyət planlarının hazırlanması nəzərdə tutulub. Bu layihə həmçinin, Azərbaycan və Koreya Gömrük Xidmətləri arasında səmərəli işgüzar münasibətlərin inkişafını, Azərbaycan və Koreya gömrük təlimi strukturları arasında ikitərəfli gömrük təlimi əməkdaşlığının genişləndirilməsi və Azərbaycan gömrüyündə İKT-nin tətbiqi ilə bağlı səriştələrin, bilik və bacarıqların daha da inkişaf etdirilməsini təşviq edəcəkdir.
Koreya hökuməti tərəfindən maliyyələşdirilən və milli prioritetlərə xidmət edən sözügedən təlim layihəsi Azərbaycanda elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı uğurla aparılan dövlət siyasətinə də öz töhfəsini verəcəkdir.