Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Qarabağda yeni iqtisadiyyat quruculuğu və potensial imkanlar” mövzusunda seminar keçirilib
Gömrük Akademiyasında “Qarabağda yeni iqtisadiyyat quruculuğu və potensial imkanlar” mövzusunda seminar keçirilib
Aprelin 13-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Qarabağda yeni iqtisadiyyat quruculuğu və potensial imkanlar” mövzusunda seminar keçirilib. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən seminar Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, i.e.d. professor Akif Musayev tərəfindən təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını salamlayaraq, keçirilən seminarın əhəmiyyətindən, dəyərli alim Akif Musayevin ölkəmizin iqtisadi inkişafında, gənc alimlərin yetişdirilməsi istiqamətində müstəsna xidmətlərindən bəhs edib. Akademiya rəisi həmçinin professor Akif Musayevin 44 günlük Vətən Müharibəsində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirak etməsini də xüsusilə vurğulayıb.
Daha sonra seminarda məruzəçi qismində çıxış edən professor Akif Musayev post-konflikt ərazilərin bərpası, potensial imkanlar, qlobal informasiya trafikinin dinamikası barəsində ətraflı bəhs edib. O, eyni zamanda işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasının təmin edilməsinin vacibliyindən, bu prioritetin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya məqsədlərinə nail olunması ilə bağlı görülən işlərə də toxunub. Akif Musayev vurğulayıb ki, Qarabağda iqtisadiyyatın yenidən qurulması prosesində biznes mühitinin formalaşdırılması, iqtisadi aktivliyin təşviqi və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi mühüm amillərdir. Məruzəçi böyük resurslara və potensiala malik Qarabağın yenidən dirçəldiləcəyinə, regionun iqtisadiyyatının və sosial həyatının ən müasir səviyyədə yenidən qurulacağına əminliyini ifadə edib.
Tədbirdə müzakirə edilən sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.
Sonda Qulu Novruzov olduqca faydalı və məzmunlu məruzəsinə görə professor Akif Musayevə dərin minnətdarlığını bildirərək bu cür əhəmiyyətli tədbirlərin gələcəkdə Qarabağımızda yaradılacaq təhsil müəssisələrində təşkil edilməsini arzulayıb.