Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyinin tələbələrlə davam edən silsilə görüşləri yekunlaşıb

Gömrük Akademiyasının rəhbərliyinin tələbələrlə davam edən silsilə görüşləri yekunlaşıb

Aprelin 8-də Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyinin müvafiq ixtisas qruplarının tələbələri ilə görüşləri yekunlaşıb. Tələbələri narahat edən  mövcud problemlərin həllinə nail olmaq, eləcə də tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində gələcək addımları müəyyənləşdirmək məqsədilə təşkil edilən görüşlərdə tələbələrin üzləşdikləri obyektiv və subyektiv çətinliklər, tədris və imtahan sessiyası, ictimai fəaliyyət, xaricdə təhsil imkanları və digər mövzular ilə bağlı sual və təklifləri dinlənilib.

Yekun görüşdə Akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov keçirilən görüşlərin əhəmiyyətindən və nəticəsindən danışaraq, müzakirə edilən mövzular barəsində tədbir iştirakçıları ilə öz fikirlərini bölüşüb. Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun, dövlətə və dövlətçiliyə sadiq yüksəkixtisaslı peşəkar kadrlar yetişdirmək olduğunu qeyd edən Q. Novruzov tələbələrə elmə, təhsilə, tədqiqat bacarıqlarının artırılmasına daha çox diqqət yetirmələrini məsləhət görüb. O, həmçinin tələbələri Akademiyanın sosial fəaliyyətində daha aktiv iştirak etməyə dəvət edib. Qulu Novruzov ölkəmizin inkişafı naminə gənclərə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi və bu istiqamətdə bütün güclərini səfərbər etməyi tövsiyə edib.

Sonda Akademiya rəisi gorüşlərdə tələbələr tərəfindən səsləndirilən problemlər və təklifləri dəyərləndirərək, bu barədə tədbir görülməsi ilə bağlı məsul şəxslərə müvafiq göstərişlər verib.