Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyinin tələbələrlə silsilə görüşləri başlayıb

Gömrük Akademiyasının rəhbərliyinin tələbələrlə silsilə görüşləri başlayıb

Aprelin 4-də Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyinin müvafiq ixtisas qruplarının tələbələri ilə görüşlərinə start verilib. Tələbələri narahat edən məsələlərlə tanış olmaq, mövcud problemlərin həlli ilə bağlı təklifləri dinləmək və onların həllinə nail olmaq məqsədilə təşkil edilən silsilə görüşlər Akademiyanın rəhbərliyi, müvafiq struktur bölmələrin əməkdaşları və tələbələrin iştirakı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Qulu Novruzov yüksək ixtisaslı peşəkar kadrların hazırlanması məqsədilə Akademiyada son illər ərzində həyata keçirilən müxtəlif fəaliyyət istiqamətləri haqqında ətraflı bəhs edib. Qulu Novruzov Akademiyanın fəaliyyətində tələbələrin məmnunluğunun təmin edilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Tələbələrin milli mənəvi dəyərlərə bağlı, vətənpərvərlik ruhunda yetişdirilməsinin önəmini qeyd edən Akademiya rəisi ölkəmizin inkişafı naminə gənclərə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi və bu istiqamətdə bütün güclərini səfərbər etməyi tövsiyə edib.

Daha sonra görüşdə cari semestrdə tədris prosesinin təşkili, qiymətləndirmə, imtahan prosesi, mübadilə proqramları və digər məsələlər barəsində tələbələrin problemləri və təklifləri dinlənilərək onları maraqlandıran suallar Akademiyanın struktur bölmələri tərəfindən ətraflı cavablandırılıb.

Sonda Akademiya rəisi daxil olan təklif və iradların operativ araşdırılıb tədbir görülməsi ilə bağlı məsul şəxslərə müvafiq göstərişlər verib.