Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gömrük Akademiyasında Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 11-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidmətinin nümayəndə heyətinin üzvləri - Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Huda və Beynəlxalq Gömrük İdarəsinin rəisi Nilofer Şahzad  Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olublar.  

Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib.O, iki ölkə arasında qurulan səmimi dostluq və qardaşlıq münasibətlərindən söz açaraq, Pakistanın 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə dəstəyini xüsusi vurğulayıb və budostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini əminliklə ifadə edib.

Akademiyanın rəisi qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. 

Daha sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş təqdimat nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Huda səfər çərçivəsində tanış olduğu Azərbaycanın gömrük sisteminin inkişafından danışaraq bu sahədə son dövrdə müasir informasiya kommunikasiya texnologiyalarının hərtərəfli tətbiq edilməsini xüsusi qeyd edib.

O, bütün sahələrdəki kimi gömrük sahəsində də yüksəkixtisaslı kadrların yetişdirilməsində beynəlxalq təcrübə mübadiləsinin rolundan söz açaraq Dövlət Gömrük Komitəsi ilə imzalanacaq fəaliyyət planında Akademiya ilə əməkdaşlığın da nəzərdə tutulduğunu xüsusilə qeyd edib. Syed Muhammad Tariq Huda Akademiyaya səfərinin əsas məqsədinin qarşılıqlı təcrübə mübadiləsinin aparılması, bununla da yeni bilik və bacarıqların əldə edilməsiolduğunu vurğulayıb.

Daha sonra çıxış edən Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Beynəlxalq Gömrük İdarəsinin rəisi Nilofer Şahzad görüşdə müzakirə olunan məsələlərin birgə əməkdaşlıq üçün çox maraqlı olduğunu vurğulayaraq gömrük təlimləri sahəsində Akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə yaxından tanış olub, imtahanların gedişatını izləyiblər. Akademiyanın tələbələrdən ibarət özfəaliyyət dərnəyinin xor və rəqs kollektivlərinin çıxışları qonaqlar tərəfindən xüsusi maraqla izlənilib.

Görüşün sonunda xatirə şəkli çəkilib və qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.