Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Erasmus+ ECAR layihəsi çərçivəsində keçirilən təlimdə uğurla iştirak edib

Gömrük Akademiyası Erasmus+ ECAR layihəsi çərçivəsində keçirilən təlimdə uğurla iştirak edib

08-09 fevral 2022-ci il tarixlərində Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universitetində Azərbaycan HR İnstitutunun dəstəyi ilə “Strateji planlaşdırma və idarəetmə” mövzusunda  təlim keçirilib.  Strateji planlaşdırmanın və idarəetmənin qabaqcıl nəzəriyyə və praktikası ilə tanışlıq, bu sahədə innovativ üsul və metodların tətbiqinə dair müasir bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə keçirilən təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova da iştirak edərək Akademiyanı təmsil edib.

Layihə konsorsiumunun üzvü olan ümumilikdə 16 ali təhsil müəssisəsinin prorektorlarının və digər rəhbər şəxslərin iştirakı ilə keçirilən təlimdə iştirakçılar strateji planlaşdırmanın müxtəlif istiqamətləri, ali təhsil müəssisəsinin güclü, zəif tərəflərinin,mövcud imkan və təhlükələrinin təhlili, əsas fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsi və s. kimi mövzularda geniş biliklər əldə ediblər.

Təlimdə həmçinin mövzu üzrə əldə edilmiş biliklərin qiymətləndirilməsi məqsədilə iştirakçılar arasında komandalar şəklində təqdimatlar keçirilib. Təlimin praktiki hissəsində Gömrük Akademiyasının da təmsil olunduğu komanda yüksək nəticə göstərib.

2 gün ərzində davam edən təlimin sonunda iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Gömrük Akademiyası Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinə 2021-ci ilin dekabr ayından etibarən tərəfdaşlıq edir.