Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Erasmus+ “Work4CE” layihəsi çərçivəsində Almaniyada keçirilən təlim həftəsində iştirak edib

Gömrük Akademiyası Erasmus+ “Work4CE” layihəsi çərçivəsində Almaniyada keçirilən təlim həftəsində iştirak edib

Almaniyanın Dortmund şəhərində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və digər səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan “Work4CE” konsorsium layihəsinin təlimçilər və müəllimlər üçün təlim həftəsi keçirilib. Qeyd edək ki, “Work4CE” layihəsi Avropa İttifaqının Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Təlim həftəsində layihədə iştirak edən Avropanın 6 ali təhsil müəssisəsinin layihə komandası və akademik heyətinin üzvləri ilə yanaşı Azərbaycanın 3 ali təhsil müəssisənin (Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) nümayəndələri iştirak edib. Dövlət Gömrük Komitəsinin Akademiyasını tədbirdə Akademiyanın Əlavə təhsil şöbəsinin baş mütəxəssisi və Akademiya üzrə “Work4CE” layihə komandasının üzvü Sevinc Əliyeva təmsil edib.

Təlim həftəsi zamanı çevik (“agile”) layihə idarəetmə üsulları, layihələrin idarəedilməsi üçün Jira proqram təminatı və onun tərkibindəki Kanban və Scrum lövhələri barədə nəzəri məlumatlar verilib, daha sonra isə komandalarla keys üzərində praktiki tapşırıqlar yerinə yetirilib. Akademiyanın nümayəndəsi Sevinc Əliyeva təlim həftəsinin üçüncü günündə layihə nəticəsində başa çatdırılması planlaşdırılan tədris modulları ilə bağlı hazırlıq işlərinin həyata keçirildiyi Confluence proqramı barədə danışıb və onun istifadəsini izah edib. Daha sonra təlim dinləyiciləri komandalar daxilində onlar üçün hazırlanmış praktiki tapşırıqları yerinə yetirib.

Təlim həftəsinin son günü layihə çərçivəsində birgə əməkdaşlıq imkanları, layihənin icra mexanizmlərinin və idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

Xatırladaq ki, 15 noyabr 2020-ci ildə başlanmış və 2023-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə, rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) hədəfinə xidmət edir. Gömrük Akademiyasının bu layihədə iştirakının məqsədi Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” tələbatlarına, xüsusilə, milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.