Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri Sabunçu rayonu Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Noyabrın 26-da 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Qasımov Kamran Fazil oğlunun anım günü qeyd olunmuşdur. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşdurlar.

Akademiyanın Katibliyinin rəisi Azər Seyidov Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək səbir diləmiş, 44 günlük Zəfər yürüşündən və tariximizə yazılan şanlı Qələbədən söz açmış, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacağını vurğulamışdır. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın vüqarla dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir.

Mərasimdə həmçinin şəhidin məzun olduğu Sabunçu rayonu 192 saylı məktəbin rəhbərliyi, müəllim və şagird heyəti iştirak edərək şəhidin əziz xatirəsini ehtiramla yad etmişdirlər. Daha sonra məktəbin şagirdləri və Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirmişdirlər.

Sonda mərasim iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Kamran Qasımovun timsalında bütün şəhidlərimizə rəhmət diləmişlər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!