Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Konstitusiya Günü qeyd edilib

Gömrük Akademiyasında Konstitusiya Günü qeyd edilib

Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasının  Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib. Akademiyanın əməkdaşlarının və tələbələrinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən  Akademiyanın hüquqşünası Seymur Əsgərli tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edərək  bu günün yaranma tarixindən ətraflı bəhs edib. Konstitusiyanın müstəqil Azərbaycan dövlətinin əsas Qanunu olduğunu qeyd edən S.Əsgərli Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 26-ci ildönümünün əlamətdar günlərə - 30 ilə yaxın müddətdə işğalçı Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpa edildiyi, Böyük Qələbənin sevincini yaşadığımız günlərə təsadüf etdiyini xüsusi vurğulayıb. O, fikrinə davam edərək Ulu Öndər Heydər Əliyevin memarı olduğu, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızda insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini diqqətə çatdırıb. Seymur Əsgərli bu günün əhəmiyyətindən bəhs edərək dövlət atributlarına hörmətin vacibliyini vurğulayıb və gənclərə Konstitusiyanı dərindən öyrənməyi və mənimsəməyi tövsiyə edib.

Daha sonra Akademiyanın Hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbələri Ayişə Qocayeva “12 Noyabr Konstitusiya Günü" mövzusunda, Ramazan Əsgərxanov  isə “Konstitusiyanın qəbulunda Ümummilli lider Heydər Əliyevin rolu”  mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda  Konstitusiya gününə həsr olunmuş videoçarx nümayiş olunub.