Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük əməkdaşları Avropa İttifaqı tərəfindən təşkil edilən “Dark-Vebdə odlu silah və partlayıcı maddələrin qanunsuz alveri” mövzusunda təlimdə iştirak etmişdir
Gömrük əməkdaşları Avropa İttifaqı tərəfindən təşkil edilən “Dark-Vebdə odlu silah və partlayıcı maddələrin qanunsuz alveri” mövzusunda təlimdə iştirak etmişdir
22-26 noyabr tarixlərində Bakı şəhərində Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (“TOPCOP”) layihəsi çərçivəsində “Dark-Vebdə odlu silah və partlayıcı maddələrin qanunsuz alveri” mövzusunda təlim keçirilmişdir.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası “TOPCOP” layihəsi çərçivəsində Azərbaycanda gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsi üzrə məsul qurumdur. Ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin olunmasında və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə gömrük xidməti orqanlarının kadr potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, gömrük sahəsində təlim-tədris qurumu olaraq cari ilin aprel ayında “TOPCOP” layihəsinə tərəfdaş qurum olaraq qoşulmuşdur. DGKA-CEPOL əməkdaşlığı nəticəsində Azərbaycanın müvafiq gömrük xidməti orqanlarının əməkdaşları 2024-cü ilədək layihə çərçivəsində həyata keçiriləcək müxtəlif kurslar, modullar, seminarlar, təlimlər və vebinarlarda iştirak hüququ qazanmışdır.
Mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində müxtəlif vəzifələr və fəaliyyətlər icra edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılmasını nəzərdə tutan layihə çərçivəsində keçirilmiş təlimdə Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları da iştirak etmişdir.
Təlimin ilk günü odlu silah alveri ilə bağlı Avropada və qlobal miqyasda müzakirə obyekti olan məsələlərə toxunulmuş və odlu silah alveri mövzusuna insan hüquqları prizmasından olan yanaşmalarla bağlı müzakirələr edilmişdir. Daha sonra təlim dinləyicilərinə dark-veb barədə nəzəri məlumatlar çatdırılmış və cinayətkar qruplaşmaların dark-vebdən odlu silah alveri məqsədilə istifadə üsulları qeyd edilmişdir. Təlimin son günündə əməliyyat-təhqiqat komandalarında işləyən əməkdaşların istifadə edə biləcəkləri istintaq strategiyaları, açıq və gizli taktikalar, həmçinin potensialın gücləndirilməsi üçün imkanlardan bəhs edilmişdir. Təlim ümumilikdə interaktiv qaydada praktiki keyslər əsasında keçirilmişdir. İştirakçılara ilkin nəzəri biliklər çatdırıldıqdan sonra onlar komandalara bölünərək gömrük və polis orqanlarının əməkdaşlarının birgə həll etməsi mümkün olan praktiki tapşırıqlar üzərində işləmiş və tapşırığın nəticələrini komanda halında təqdim etmişdirlər.
Təlimin sonunda təlim dinləyiciləri ilə təlimin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə anonim sorğu keçirilmiş və individual olaraq öz təəsüratlarını paylaşmaları üçün imkan yaradılmışdır.
Sonda təlim dinləyicilərinə sertifikatlar təqdim olunmuş və tədbirin bağlanış mərasimi keçirilmişdir. “TOPCOP” layihəsinin fəaliyyət meneceri Frans Murman Akademiyanın gömrük sahəsində təlim-tədris qurumu olaraq cari ilin aprel ayında “TOPCOP” layihəsinə tərəfdaş qurum olaraq qoşulduqdan sonra layihə çərçivəsində həyata keçirilən işlərdə rolunun və dəstəyinin mühüm olduğunu vurğulamış və layihə rəhbərliyi adından xüsusi təşəkkürünü bildirmişdir.