Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 5-də Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər sənindir, Azərbaycan!” adlı tədbir keçirilib. Akademiyanın kollektivinin,  tələbələrinin, şəhid ailələrinin və qazilərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəis müavini Araz Aslanlı rəhbərlik adından bu əlamətdar gün münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbədən, Azərbaycanın artan iqtisadi qüdrəti və siyasi nüfuzundan, Azərbaycan Ordusunun və əsgərinin qəhrəmanlığından söz açıb. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Qarabağın tacı Şuşa şəhərinin azad edilməsinin dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil olduğunu qeyd edib. Qısa müddət ərzində işğaldan azad edilmiş rayonların sürətli yenidən qurulması və dirçəldilməsi işlərinin aparılmasının dövlətin iqtisadi potensialının gücündən xəbər verdiyini vurğulayıb. O, bildirib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının da iştirak etdiyi Vətən müharibəsində  Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Daha sonra çıxış edən Akademiyanın baş mütəxəssisi Şəmsəddin Abışov Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini bildirib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Tədbirdə Vətən müharibəsi qaziləri Əzim Xudaverdiyev və Fərhad İbrahimov tədbir  iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər, onlara göstərilən diqqətə görə təşəkkür ediblər. Qazilər Vətən borcunu yerinə yetirmək imkanına görə şərəf duyduqlarını, şəhid olan qardaşlarının xatirəsinin onların qəlbində daim yaşayacağını bildiriblər.

Tədbir vətənpərvərlik ruhunda musiqi nömrələri və kompozisiyaları ilə davam edib.

Rəsmi tədbirdən sonra Akademiya rəhbərliyi, şəhid ailələri və qazilər çay süfrəsi arxasında səmimi söhbət edib, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə iştirak edən Vətən müharibəsi şəhidi Səfərov İntiqamın atası Əlihüseyn Səfərov, şəhid Rəşad Babayevin atası Ağabəy Babayev və Vətən müharibəsində iştirak edən qardaşı İlqar Babayev, şəhid Aslan Rzayevin atası Süleyman Rzayev, şəhid Qüdrət Adişovun atası Rahim Adişov, şəhid Tural Əsgərlinin həyat yoldaşı Vüsalə Əsgərli şəhidlik zirvəsinə ucalan yaxınları ilə bağlı xatirələrindən bəhs etmiş, qazilərdən Xudaverdiyev Əzim Mübariz oğlu, Məmmədov Novruz Elbrus oğlu, İbrahimov Fərhad Fuad oğlu, Mədətov Cahangir Elbrus oğlu şərəfli döyüş yolundan danışaraq öz təəsüratlarını ifadə etmişdirlər.

      Sonda qonaqlara günün mahiyyətinə uyğun xatirə hədiyyələri təqdim edilib, onlarla xatirə şəkli çəkdirilib.