Gömrük Akademiyasında yaz semestrinin imtahan sessiyası başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası keçirilir. Akademiyada imtahanlar əyani formada təşkil olunub. İmtahanların təşkili müddətində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na tam riayət olunur.
Qeyd edək ki, imtahan prosesinin bütün detalları ilə bağlı onlayn təhsil və imtahanlar zamanı tələbələr üçün nəzərdə tutulmuş güzəştlər (onlayn təhsilin məhdudiyyətlərini nəzərə alaraq materialların həcminin azaldılması, qiymətləndirmə ilə bağlı yanaşma və s.) öz qüvvəsində qalır.
Xatırladaq ki, 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının əyani formada keçirilməsi qərarı ilə bağlı yarana biləcək suallara aydınlıq gətirilməsi məqsədilə bu günlərdə Akademiya rəhbərliyinin tələbə və valideynlərlə görüşü keçirilib.
Bununla yanaşı, pandemiya ilə əlaqədar olaraq xüsusi karantin rejimi dövründə onlayn tədrisə cəlb olunmuş, Akademiyada ənənəvi qaydada təşkil edilən imtahanlarda iştirak etməmiş 1-ci kurs tələbələri üçün iyunun 4-də imtahan simulyasiyası da təşkil edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi