Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Türkiyənin Altınbaş Universiteti ilə memorandum imzaladı
Gömrük Akademiyası Türkiyənin Altınbaş Universiteti ilə memorandum imzaladı
Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Türkiyənin Altınbaş Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Altınbaş Universitetinin rektoru professor Dr. Çağrı Erhan və Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov imzalayıblar.
İmzalanmadan öncə tərəflər arasında görüş keçirilib. Görüşdə Altınbaş Universiteti Biznesin idarə edilməsi fakültəsinin dekanı Ali Argun Karacabey, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nur Eradlı, Akademiyanın rəhbərliyi, akademik heyət üzvləri və əməkdaşlar iştirak ediblər.
Gömrük Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri, tədris prosesi, bakalavriat və magistratura ixtisasları barədə ətraflı məlumat verib. O, Akademiya üçün beynəlxalq əməkdaşlığın prioritet olduğunu bildirərək, gələcək əməkdaşlıq imkanları haqqında danışıb.
Rektor professor Dr. Çağrı Erhan öz növbəsində, təmsil etdiyi ali məktəb barədə məlumat verərək, Altınbaş Universitetinin beynəlxalq əlaqələrindən söz açıb. Təmsil etdiyi ali təhsil müəssisəsinin strateji hədəfləri barədə danışan rektor bu istiqamətdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edib.
Görüşdə universitetlərarası müştərək proqramların həyata keçirilməsi, tələbə mübadiləsi və digər əməkdaşlıq imkanları, o cümlədən distant təhsil sahəsində təcrübə mübadiləsi, onlayn birgə konfrans, seminar və tədbirlərin təşkili müzakirə olunub.
Müzakirələrdən sonra iki ali təhsil qurumu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, iki universitet arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi, beynəlxalq layihələr çərçivəsində tərəfdaşlıq və s. nəzərdə tutulub.
Sonra qonaqlar Akademiyada yaradılan şərait və infrastrukturla tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi