Baş səhifə
Xəbərlər
Akademiya
DGKA rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər

DGKA rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi, baş leytenant Həsənağa Abdullazadənin doğum günü münasibətilə anım mərasimi və “112 gün” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə deputatlar, elm və ictimaiyyət nümayəndələri, şəhid ailəsinin üzvləri, döyüş yoldaşları və digər iştirakçılarla yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın bir qrup əməkdaşı və tələbələri iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Çıxış edənlər Həsənağa Abdullazadənin igidliyi, vətənpərvərliyi və xalqımızın tarixinə yazdığı qəhrəmanlıq dastanından bəhs ediblər.

 

Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb və həmin qələbədə payı olan Həsənağa kimi qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.

 

Tədbirdə Milli Məclisin deputatları Fariz İsmayılzadə, Nigar Məmmədova, Tural Gəncəliyev, həmçinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru Vazeh Əskərov, qazilər və incəsənət nümayəndələri çıxış ediblər.

 

Şəhidin həyat və döyüş yolunu özünəməxsus şəkildə qələmə alan Naibə Yusif qızı öz “112 gün” adlı əsəri haqqında fikirlərini bölüşüb. O, bu əsərin Həsənağa Abdullazadənin həyatını və döyüş yolunu əks etdirməklə yanaşı, gənc nəsillər üçün dəyərli bir irs olduğunu qeyd edib.

 

Tədbirin sonunda qəhrəman şəhidimizin valideynləri çıxış edərək göstərilən diqqət və ehtirama görə təşəkkür ediblər.