DGKA-da Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 26 Fevral - Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, millət vəkili Azər Allahverənov, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz, Milli Qəhrəman Allahverdi Bağırovun övladları Dövlət Sərhəd Xidmətinin zabitləri – tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova, Milli Qəhrəman Əlif Hacıyevin bacısı Xocalı sakini Şükufə Hacıyeva, Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova və Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayevanın qardaşı Xocalı sakini Eldəniz Ağayev iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə əvvəlcə Xocalıda qanlı döyüşlərdə şəhid olan Milli Qəhrəman Əlif Hacıyev, Xocalı qurbanlarının qisasını alan, onları əsirlikdən azad edən, Milli Qəhrəman şəhidlərimiz Allahverdi Bağırov və Əliyar Əliyevin döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının tarixinə nəzər salaraq bu faciənin 33 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut etdiyini vurğulayıb. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Akademiya rəisi çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Tədbirdə çıxış edən tarix elmləri namizədi Boran Əziz Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək onun ağır nəticələrini diqqətə çatdırıb. Natiq həmin dövrü tarixi kontekstdə təhlil edərək bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.
Millət vəkili Azər Allahverənov tədbirdə çıxış edərək Xocalı faciəsinin mahiyyətinin və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən bəhs edib.
Daha sonra digər çıxış edənlər də xüsusi amansızlıqla törədilmiş soyqırımı cinayəti ilə bağlı öz acı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək həmin günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildiriblər.
Tədbir Akademiyanın tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.