Şamaxı rayonunun abituriyentləri DGKA ilə tanış olublar
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Şamaxı rayonundan gəlmiş bir qrup abituriyent ilə görüş keçirilib.
DGKA-nın fəaliyyəti ilə tanış olmaq məqsədilə təşkil olunan görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novzurov Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verərək Dövlət Gömrük Komitəsinin rəhbərliyinin diqqət və qayğısı sayəsində Akademiyada tələbələr üçün yaradılan şəraitdən bəhs edib. Dövlətimizin davamlı inkişafı naminə vətənpərvər, hərtərəfli biliklərə malik savadlı gəncliyin yetişdirilməsinin önəmini qeyd edən Akademiya rəisi sonda bütün abituriyentlərə tələbə adını qazanmağı arzu edib.
Daha sonra Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Akademiyanın fəaliyyəti, tədris prosesi, nailiyyətləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimatla çıxış edib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda abituriyentlər Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.