Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbələri Mərkəzi Bankın müsabiqəsində qalib olublar

DGKA-nın tələbələri Mərkəzi Bankın müsabiqəsində qalib olublar

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası tərəfindən Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayı münasibətilə “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə keçirilib.

Kursun məqsədi əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət göstərəcək yeni peşəkar kadrların hazırlanması, habelə bank əməkdaşlarının və tələbələrin rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsidir.

Ölkənin 20-dən çox ali təhsil müəssisəsindən 218 tələbənin iştirak etdiyi müsabiqənin yekun qiymətləndirilmə mərhələsində ən yüksək nəticə göstərərək qalib gələn 15 tələbədən 3-ü Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri - Amin Abbaszadə, Zaur Həsənxanlı və Kamran Muradlı olublar. Digər tələbəmiz Emin Hüseynəliyev isə müsabiqənin uğurlu iştirakçılardan biri olub.

Mükafatlandırılma tədbirində müsabiqə qalibləri və uğurlu nəticə göstərən iştirakçılar sertifikatlar və hədiyyələrlə təltif ediliblər.

Bu münasibətlə qalib tələbələrlə görüşən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın etimadını doğrultduqları üçün tələbələrə təşəkkür edərək onları bu qalibiyyət münasibətilə təbrik edib.

Qalib tələbələr Akademiyanın rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.