Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəhbərliyi və əməkdaşları Zəfər Gününə həsr olunmuş elmi konfransda iştirak ediblər
DGKA-nın rəhbərliyi və əməkdaşları Zəfər Gününə həsr olunmuş elmi konfransda iştirak ediblər
Heydər Əliyev adına Hərbi İnstitutda “Zəfər Günü”nün 4-cü ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda III respublika elmi konfransı keçirilib. Konfransda dövlət qurumlarının, digər ali təhsil müəssisələrinin rəhbər şəxsləri və nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və Akademiyanın əməkdaşları da iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək əklillər qoyublar.
Konfrans Ulu Öndərin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev və Milli Məclis sədrinin müavini Musa Qasımlı, 2020-ci ilin 27 sentyabrında başlanıb 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışaraq, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Müzəffər Ordumuzun gücü sayəsində şəhidlərin qanı bahasına qazanılan bu qələbə ilə dünya azərbaycanlılarının çoxillik həsrətinin sona çatdığını vurğulayıblar.
Açılış nitqlərindən sonra İkinci Qarabağ müharibəsinə həsr edilmiş film nümayiş olunub.
Sonra Hərbi İnstitutun professoru Ramid Hüseynovun moderatorluğu ilə panel müzakirə başlayıb. İkinci Qarabağ müharibəsində qələbəni şərtləndirən səbəblərdən, döyüşlərin aparılmasında peşəkarlıq, müasir döyüş taktikalarından, müharibə dövründə təhlükəsizliyin təmin olunmasında xüsusi xidmət orqanlarının fəaliyyətindən və digər mövzular ətrafında məruzəçilərin çıxışları dinlənilib.