Gömrük Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirin açılışında ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını şanlı qələbənin 4-cü ildönümü münasibətilə təbrik edərək, Zəfər Gününü xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsi adlandırıb. Qulu Novruzov Zəfər Gününün Azərbaycanın tarixindəki əhəmiyyətindən danışaraq 2020-ci ildə əldə edilən qələbənin yalnız hərbi zəfər deyil, həm də milli birliyin və həmrəyliyin simvolu olduğunu qeyd edib. Akademiya rəisi Azərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğunu qeyd edərək, tarixi qələbənin əldə olunmasında şücaət və qəhrəmanlıq göstərən şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.
Daha sonra şəhid Həsənağa Abdullazadənin atası Şakir Abdullayev, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, şəhid Rəşad Novruzovun anası İlahə Məmmədova və şəhid Tahir Əliyevin atası Mahir Əliyev çıxış edərək 30 il sonra Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, övladlarının vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs edərək şəhidlərimizin xatirələrinin anılması istiqamətində təşkil edilən bu cür önəmli tədbirə görə Akademiya rəhbərliyinə təşəkkür ediblər.
Tədbirdə həmçinin, Akademiyanın “Hüquqşünaslıq” ixtisasının III kurs tələbəsi Ləman Əlicanova universitetlər arası yazı müsabiqəsində I yerə layiq görülən Zəfər gününə həsr edilmiş yazısı ilə çıxış edib.
Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə davam edib.