Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Koreyada keçirilən beynəlxalq seminarda uğurla təmsil olunub

Gömrük Akademiyası Koreyada keçirilən beynəlxalq seminarda uğurla təmsil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) 21-28 oktyabr 2024-cü il tarixlərində Koreyanın Çeonan və paytaxt Seul şəhərlərində keçirilmiş “Gömrük Rəsmilərinin Potensialının Artırılması üzrə 29-cu CHRDI Seminarı”nda təmsil olunub. Asiya-Sakit okean regionu üzrə Ümumdünya Gömrük Təşkilatının Regional Təlim Mərkəzi statusuna malik olan Koreya Gömrük Xidmətinin Gömrük Kadrlarının İnkişafı İnstitutu (CHRDI) tərəfindən təşkil edilən tədbirdə digər ölkələrin gömrük xidmətinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru Elvin Mecidov və Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova da iştirak ediblər.

CHRDI seminarının rəsmi açılışında CHRDI-nin baş direktoru, xanım prof. Yoo Sun Hee çıxış edərək seminarın əsas məqsədinin Koreya Gömrük Xidmətinin ən yaxşı təcrübələrini bölüşmək və müxtəlif ölkələrdən peşəkarlar arasında əməkdaşlığı gücləndirmək olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan, İndoneziya, Tayland, Şri Lanka, Şimali Makedoniya, Botsvana, Kamerun, Madaqaskar və Nigeriyadan 18 nümayəndə öz ölkələrinin gömrük fəaliyyətinə dair "SWOT" təhlillərini təqdim ediblər. Ölkəmizi təmsil edən Elvin Mecidov Səlahiyyətli İqtisadi Operatorlar (SİO), Yavər Məmmədova isə "Narkotik vasitələrin qanunsuz dövriyyəsi haqqında təlim" mövzusunda “SWOT” təqdimatları ilə çıxış ediblər.

Digər 4 ölkənin nümayəndələri ilə yanaşı Elvin Mecidov "Azərbaycan Respublikasında Səlahiyyətli İqtisadi Operatorlar: Cari vəziyyət və gələcək çağırışlar" adlı "SWOT” təqdimatı ilə fərqlənərək “Üstün nailiyyətlərin tanınması və ən yaxşı ölkə hesabatı təqdimatçısı” adına layiq görülüb və xüsusi sertifikat ilə mükafatlandırılıb.

Seminarda Koreya ekspertləri tərəfindən iştirakçılara “UNI-PASS” və Vahid Pəncərə platforması, Koreya SİO sistemi və qlobal SİO trendləri, risklərin idarə olunması, harmonik sistem (HS) və HS təsnifatlandırması, elektron ticarət və digər mövzularda zəngin bilik və təcrübələr təqdim olunub. Eyni zamanda, seminar iştirakçıları üçün Koreyanın tarixi, irs və mədəniyyəti ilə tanış olmaq imkanı yaradılıb.

Sonda iştirakçılar CHRDI-nin baş direktoru xanım prof. Yoo Sun Hee tərəfindən sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, DGKA və CHRDI arasında 2020-ci ilin dekabr ayında imzalanmış ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında iki qurum arasında gömrük potensialının inkişafı sahəsində sıx əməkdaşlıq həyata keçirilməkdədir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın gömrük xidməti orqanlarının əməkdaşları Koreyada CHRDI-nin müxtəlif tədbirlərində iştirak edirlər. Sözügedən tədbirlər ölkəmizin gömrük kadrlarının potensialının daha da inkişaf etdirilməsinə və beynəlxalq əməkdaşlıqların möhkəmləndirilməsinə xidmət edir.