Baş səhifə
Xəbərlər
Akademiya
DGKA BMT PRME proqramının iqlim dəyişikliyi və COP29 üzrə tövsiyələrin hazırlanması vebinarında təmsil olunub
DGKA BMT PRME proqramının iqlim dəyişikliyi və COP29 üzrə tövsiyələrin hazırlanması vebinarında təmsil olunub
DGKA Birləşmiş Millətlər Təşkilatının Məsuliyyətli İdarəetmə Təhsili Prinsipləri (PRME) proqramının Avrasiya Bölməsi tərəfindən təşkil olunmuş və “2030-cu ilə qədər İqlim Problemini Həll Et: Avrasiya üçün Məsuliyyətli İdaəetmə Təhsili üzrə Çoxsaylı Maraqlı Tərəflərin Tövsiyələri” (“Solve Climate by 2030 Multi-Stakeholder Recommendations for Responsible Management Education in Eurasia”) adlı beynəlxalq vebinarda təmsil olunub. Tədbirdə Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru, beynəlxalq sertifikasiyalı Dayanıqlı Layihə Meneceri və PRME-nin Avrasiya Bölməsinin idarə heyətinin üzvü Elvin Mecidov iştirak edib. Tədbirin məqsədi Azərbaycanda cari ilin noyabr ayında keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində iqlim dəyişikliyi, dayanıqlı inkişaf məqsədləri (SDG) və məsuliyyətli idarəetmə təhsili üzrə çoxşaxəli dialoqu inkişaf etdirmək olub.
Tədbirin əsas hədəfi isə COP29-a qədər hökumətlər, akademik çevrələr və biznes sektorları üçün məsuliyyətli idarəetmə təhsili sahəsində tövsiyələrin hazırlanmasından ibarət olub. Bu tövsiyələr iqlim dəyişikliyinin təsirlərini azaltmaq və region ölkələri üçün müvafiq tədbirlərinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Tədbirin açılış nitqlərini PRME Katibliyi və Narxoz Universitetinin prezidenti Dr. Kanat Kozhakhmet təqdim etmişdir. Vebinarda bir sıra təşkilatların nümayəndələri ilə yanaşı Qazaxıstandakı Avropa İttifaqı səfiri Aleska Simkic də çıxış edib.
Vebinarda hökumətlər, təhsil nazirlikləri və ali təhsil müəssisələri üçün məsuliyyətli idarəetmə təhsilinə dair strateji addımlar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, tələbələrin iqlim dəyişikliyinə qarşı mübarizədə yaşıl bacarıqlar və iş imkanlarına olan tələbləri və ehtiyacları vurğulanıb.
Bu tədbirin nəticəsi olaraq hazırlanan tövsiyələr sənədi COP29 konfransında təqdim olunacaq və regionda məsuliyyətli idarəetmə təhsili sahəsində irəliləyişə mühüm töhfə verəcəkdir.
Qeyd edək ki, PRME Birləşmiş Millətlərin Təşkilatının məsuliyyətli idarəetmə təhsilini, araşdırma və liderlik inkişafını təşviq edən ən böyük təşəbbüsüdür. PRME-nin əsas məqsədi davamlılıq və sosial məsuliyyət dəyərlərinin təhsil və biznes sahələrində inkişaf etdirilməsidir. Gömrük Akademiyası PRME-nin üzvüdür və bu platforma vasitəsilə davamlılıq məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlıq və təhsil proqramlarında iştirak edir.