Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Erasmus+ “WORK4CE” layihəsinin bağlanış iclası keçirilib
Gömrük Akademiyasında Erasmus+ “WORK4CE” layihəsinin bağlanış iclası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) və digər səkkiz ali təhsil müəssisəsinin birgə tərəfdaşlığı ilə icra olunan, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Erasmus+ “Work4CE” konsorsium layihəsinin yekun iclası keçirilib. İclas çərçivəsində Ukrayna Zaporijiya Milli Politexnik Universitetinin professoru xanım Qalina Tabunsçikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Akademiyada görüş keçirilib.
Qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Aİ-nin Erasmus+ proqramının ali təhsildə potensialın gücləndirilməsi kateqoriyasında icra olunan “WORK4CE” layihəsinin Akademiya və Azərbaycan üçün əhəmiyyətindən və layihə çərçivəsində əldə olunan bilik və bacarıqların faydasından söz açaraq tərəfdaş universitetlər arasında uğurlu əməkdaşlığın dayanıqlılığının əhəmiyyətini vurğulayıb.
Layihənin koordinatoru prof. Qalina Tabunsçik “Work4CE” çərçivəsində görülən işlərdən, Azərbaycanın ali təhsil müəssisələrinin layihədəki əhəmiyyətli rolundan bəhs edərək, layihəyə göstərdiyi dəstək üçün Akademiyaya təşəkkürünü bildirib.
Layihə konsorsiumunda Ukraynadan olan üç universiteti təmsil edən prorektorlar və professor heyəti DGKA ilə müxtəlif sahələrdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Akademiyanın Beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru, Akademiyada “Work4CE” layihə meneceri və konsorsiumun icraedici strukturunun üzvü Elvin Mecidov layihə üzrə DGKA tərəfindən icra olunmuş fəaliyyətlər, onların nəticələri, təsirləri və layihənin yekunlaşmasından sonrakı müddətdə icra olunacaq fəaliyyətlər haqda təqdimatla çıxış edib.
Təqdimatda xüsusilə, layihə çərçivəsində yaradılmış 9 elektron təhsil modulundan birinin - Rəqəmsal Texnologiyalar modulunun DGKA tərəfindən yaradıldığını, Akademiyada “Work4Ce” Rəqəmsal Birgə İstehsal Laboratoriyasının təşkil olunduğunu və layihənin əsas məhsulu olan Birgə Virtual Magistratura Proqramında Akademiyanın iştiraka hazır olduğunu nümayiş etdirilib.
Xatırladaq ki, icrasına 15 noyabr 2020-ci ildə başlanmış və 14 noyabr 2024-cü ilə qədər davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) hədəfinə xidmət edir. Gömrük Akademiyasının bu layihədə iştirakının məqsədi Azərbaycanda gömrük sahəsi üzrə təlim-tədrisin “Sənaye 4.0” və “İşçi Qüvvəsi 4.0” tələbatlarına, xüsusilə milli gömrük qurumlarının rəqəmsal transformasiyasına uyğunlaşdırılaraq təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya sahəsində Azərbaycan gömrük xidməti orqanlarının peşəkar və ixtisaslaşmış gömrük kadrları ilə təminatını dəstəkləməkdir.
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.