Tələbələrimiz gömrük orqanlarında təcrübəyə başladılar
Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri 22 fevral 2021-ci il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Akademiya rəisi son illərdə gömrük sahəsində aparılan islahatlardan, eləcə də Akademiyada keçirilən beynəlxalq tədbirlərdən danışıb. Tələbələrin yüksək bilik və bacarıqlarının formalaşması üçün Akademiyada lazımi avadanlıq və şəraitin olduğunu bildirən Qulu Novruzov nəzəri fənləri uğurla bitirmiş "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələrinə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib.
Akademiya rəisi Dövlət Gömrük Komitəsinin struktur bölmələrində təcrübə zamanı tələbələrin əldə edəcəkləri biliklərlə buraxılış işlərini zənginləşdirəcəklərini deyib.
Qulu Novruzov istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb. O, qeyd edib ki, tələbələr dörd ildə qazandıqları nəzəri bilikləri təcrübə vaxtı əyani şəkildə tətbiq etməyi öyrənirlər. Akademiya rəisi tələbələrə öz tövsiyələrini verib və uğurlar arzulayıb.
Akademiyanın Təşkilati işlər üzrə rəis müavini, gömrük xidməti polkovniki Şəmsəddin Abışov Akademiyanı təmsil edəcək təcrübəçi tələbələrə gömrük işini yaxından öyrənməyi və yiyələnməyi tövsiyə edib.
Akademiyanın Elmi işlər üzrə rəis müavini, gömrük xidməti polkovnik-leytenantı Cəmilə Namazova tələbələrə təhkim olunduqları idarələrdə buraxılış işlərini qaydalara uyğun yazmaları, yetərli praktiki məlumatlar əldə etmələri üçün tövsiyələrini verib.
Görüşün sonunda "İxtisas fənləri" kafedrasının müdiri, gömrük xidməti kapitanı Elvin Əlirzayev tələbələri təcrübə gündəliyinin doldurulması, təcrübənin sonunda hesabatın yazılması qaydaları ilə bağlı təlimatlarla tanış edib və onları müvafiq idarələrə yola salıb.
Qeyd edək ki, "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələri Akademiyanın müvafiq tədris planlarına əsasən bütün dərsləri uğurla başa çatdırıblar və ixtisasları üzrə gömrük sahəsi ilə əlaqəli buraxılış işi mövzuları seçiblər. Tələbələrin tədqiqat mövzularına müvafiq olaraq Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrində istehsalat təcrübəsi keçmələri uyğun görülüb.
İctimaiyyətlə əlaqələr şöbəsi