Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında layihə işlərinin müdafiəsi başa çatıb

Gömrük Akademiyasında layihə işlərinin müdafiəsi başa çatıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında IV kurs tələbələrinin təcrübə hesabatı / layihə işlərinin müdafiəsi başa çatıb. 2023/2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələrinin istehsalat təcrübəsi müddətində onlara gömrük fəaliyyəti ilə bağlı təyin edilmiş layihə işlərinin müdafiəsi keçirilib.

Müdafiədə "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə Layihə işi Müdafiəsi Komissiyasının sədri Akademiyanın İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının müəllimi Asif Qanbayev, Komissiyanın üzvləri - Dövlət Gömrük Komitəsinin idarə rəisi Elnur Qəhrəmanov, şöbə rəisləri Turqut Vəliyev, Röyal Əmrahov, Bakı Mühəndislik Universitetinin baş müəllimi Amil Babayev, Akademiyanın müəllimi Səfa Bakan və Akademiyanın əməkdaşları iştirak ediblər.

Müdafiədə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb.

Komissiya sədri və üzvləri də çıxış edərək müdafiədə iştirak edən tələbələrə xoş arzularını çatdırıblar.

Daha sonra tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib komissiyanın suallarını cavablandırıblar.

Sonda müdafiə prosesinin təşkilində əməyi keçən hər kəsə, həmçinin məzunlarla bərabər, onları yetişdirən valideynlərə və müəllimlərə də öz təşəkkürünü bildirən Akademiya rəisi gənclərə gələcək faəliyyətlərində təhsil aldıqları xüsusi təyinatlı ali təhsil müəssisəsinin adını daim uca tutmaqla daha böyük uğurlara imza atmağı arzu edib.