Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Beynəlxalq Olimpiadada fərqləniblər

Gömrük Akademiyasının tələbələri Beynəlxalq Olimpiadada fərqləniblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının 5 tələbəsi Qazaxıstanın L.N.Gumilyov adına Milli Avrasiya Universitetinin Filologiya Fakultəsinin Xarici dillər kafedrası tərəfindən təşkil olunan “Texnoloji inkişafın ətraf mühitə təsiri: problemlər və innovativ həllər” mövzusunda IV Beynəlxalq Gumilyov onlayn İngilis Dili Olimpiadasında iştirak ediblər.

Qeyri-linqvistik ixtisasların I və II kurs tələbələri arasında keçirilən Olimpiadanın məqsədi tələbələrin dil və mədəni bacarıqlarını inkişaf etdirmək, ingilis dilini öyrənməyə həvəsi artırmaq, həmçinin gənclərin intellektual səviyyələrinin inkişaf etdirilməsinə dəstək olmaqdır.

2 mərhələdən ibarət olan olimpiadanın I turunda iştirakçıların dinləmə və oxu bacarıqları qiymətləndirilib. Bu mərhələni uğurla tamamlayan iştirakçılar II mərhələdə “Texnoloji inkişafın ətraf mühitə təsiri: problemlər və innovativ həllər” mövzusu üzrə təqdimatla çıxış ediblər.

DGKA-nın Hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Rəşad Zeynalov və İnformasiya texnologiyaları ixtisasının I kurs tələbəsi Röya Kərimova keçirilən olimpiadada fərqlənərək III yerə layiq görülüblər.

Sonda qaliblər diplomla, final turuna vəsiqə qazanan Akademiyanın Beynəlxalq ticarət və Logistika ixtisasının I kurs tələbəsi Nadir Əhmədzadə isə iştirak sertifikatı ilə təltif ediliblər. Həmçinin, Akademiya tələbələrin olimpiadada iştirakının koordinasiyasını təşkil etdikləri üçün Hüquq və Humanitar elmlər kafedrasının ingilis dili müəllimləri Tairə Axundova və Firuzə Kərimovaya təşəkkür məktubu ünvanlanıb.