Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə “PRO LOG” Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
DGKA ilə “PRO LOG” Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında “PRO LOG” Təlim Mərkəzi ilə Anlaşma Memorandumu imzalanıb. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “PRO LOG” Təlim Mərkəzinin rəhbəri Sahilə Həmidova, mərkəzin əməliyyatlar üzrə meneceri Lalə Hüseynova və Akademiyanın əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq ikitərəfli əməkdaşlığın gələcək perspektivlərindən söz açıb. Akademiyanın ən başlıca hədəfinin mükəmməl təhsil mühiti yaratmaqla əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar yetişdirmək olduğunu qeyd edən Q. Novruzov təcrübə proqramlarının təşkili, məzunların işlə təmin olunması, akademik sahədə püxtələşmiş mütəxəssislərin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə toxunub. Akademiyanın rəisi imzalanacaq memorandumun qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyinə əminliyi vurğulayıb.
Görüşdə “PRO LOG” Beynəlxalq Təlim Mərkəzinin rəhbəri Sahilə Həmidova Akademiyanın fəaliyyətinə töhfə verəcək əməkdaşlıqdan məmnunluğunu ifadə edərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “PRO LOG” Beynəlxalq Təlim Mərkəzinin rəhbəri Sahilə Həmidova əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.