Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Erasmus+ WORK4CE layihəsinin Rəqəmsal Laboratoriyası təşkil olunub

Gömrük Akademiyasında Erasmus+ WORK4CE layihəsinin Rəqəmsal Laboratoriyası təşkil olunub

                                 

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ali təhsildə rəqəmsal innovasiyaların tətbiqinə və rəqəmsal təhsil ekosistemlərinin yaradılmasına əhəmiyyət verən bir ali təhsil müəssisəsi kimi özünün beynəlxalq əməkdaşlıq və layihələr üzrə fəaliyyətləri çərçivəsində sənaye-akademik əməkdaşlığı inkişaf etdirmək üçün əhəmiyyətli bir addım ataraq ən müasir Rəqəmsal Birgə İstehsal Laboratoriyasının (“Digital Co-Production Lab”) qurulduğunu elan edir. 2023-cü ilin sentyabr ayından Akademiyada fəaliyyət göstərən laboratoriyanın institusionallaşdırılması və dayanıqlılığının təmin olunması məqsədilə Akademiyada müvafiq rəsmi qərar 2024-cü ilin iyul ayında qəbul edilib. Laboratoriyanın qurulması Akademiyanın Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ layihəsi olan “21-ci Əsrdə Sağlam və Təhlükəsiz İş üçün Sahələrarası Kompetensiyalar” (WORK4CE; 619034-EPP-1-2020-1-UA-EPPKA2-CBHE-JP) layihəsində tərəfdaşlığının əsas nəticələrindən biridir.

 

Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun olaraq, gələcək iş yeri - “İş 4.0” konsepti çərçivəsində tələbələrin qlobal rəqəmsal mühitlərdə gələcək əmək fəaliyyəti üçün hazırlıqlara yönəlmiş WORK4CE layihəsi Akademiyanı laboratoriya üçün lazım olan avadanlıqları satın alınması üçün 38.150 Avro məbləğində vəsaitlə təmin edib. Laboratoriya 5 ölkədəki (Azərbaycan, Ukrayna, Belçika, Almaniya, İspaniyada) tərəfdaş universitetlər tərəfindən birgə yaradılmış 9 geniş və detallı elektron təhsil modulunun inkişaf etdirilməsində, pilotlaşdırılmasında, tədrisində və tətbiqində mühüm rol oynayıb.

 

Rəqəmsal laboratoriya akademik mühitlərlə sənaye arasındakı boşluğu doldurmaqda həlledici rol oynayır. Mühazirəçilər, sənaye mütəxəssisləri və peşəkar birliklərin üzvləri arasında əməkdaşlığı təşviq edərək, laboratoriya işlə əlaqəli rəqəmsal resursların birgə istehsalına və birgə beynəlxalq tədrisin həyata keçirilməsinə imkan verir. Ən müasir texnologiya ilə təchiz edilmiş laboratoriya təkcə tədris resurslarının inkişafına kömək etmir, həm də virtual siniflər və əməkdaşlıq layihələrini də təşviq edir.

 

Avropa İttifaqının Erasmus+ proqramının Ali Təhsildə Potensialın Artırılması kateqoriyası üzrə 2020-ci ilin noyabr ayından 2024-cü ilin noyabr ayının ortalarınadək icra edilən, Ukraynanın Milli Zaporijiya Politexnik Universitetinin koordinator olduğu WORK4CE layihəsinin əsas məqsədləri tərəfdaş ali təhsil müəssisələri arasında 9 elektron təhsil modulu və Açıq Təhsil Resursları (OER) portfelinin hazırlanması, 9 virtual Açıq Tətbiq Birliyində akademik və peşəkar mütəxəssislərin birgə istehsal yanaşmasının tətbiqi, Sənaye tərəfindən qəbul edilməsini və aktuallığını artırmaq üçün peşə standartları ilə sertifikatlaşdırma sisteminin inkişaf etdirilməsi, təhsilverənlərlə və digər maraqlı tərəflərin təlimçilərinə təlim keçilməsi və onların Açıq Tətbiq Birliklərinə inteqrasiyası, tərəfdaş universitetlərin magistr proqramlarının tədris planlarının WORK4CE modulları və ixtisaslaşma paketləri ilə yenilənməsi kimi məqsədləri həyata keçirib.

 

Layihənin ən önəmli hədəfi tərəfdaş universitetlər arasında hazırlanmış modullara əsaslanan Virtual Magistr Məktəbinin yaradılması, bu istiqamətdə tərəfdaşların magistr proqramlarının birgə əməkdaşlığı ilə mübadilə və ikili diplom proqramlarının həyata keçirilməsidir. Bunun üçün Rəqəmsal Birgə İstehsal Laboratoriyasının dəstəyi ilə yaradılmış 9 elektron təhsil modulundan istifadə edərək Gömrük Akademiyası Açıq Təhsil Resursları (OER) sisteminin bir hissəsi olacaq və birgə elektron təhsil modullarına çıxışa malik olacaqdır.

 

Layihə məqsədlərinin yerinə yetirilməsində mühüm rol oynayan laboratoriya xüsusilə, layihənin icra müddətinin başa çatmasından sonra da DGKA-nın Virtual Magistr Məktəbinin icrası üzrə həyata keçirəcəyi fəaliyyətləri dəstəkləyəcəkdir.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.

Əlavə məlumat layihənin rəsmi internet səhifəsində dərc edilib: https://work4ce.eu/