Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun konfransında təmsil olunub

Gömrük Akademiyası “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun konfransında təmsil olunub

                                                                           

Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş və Aİ Erasmus+ proqramının ali təhsildə potensialın gücləndirilməsi kateqoriyasında icra olunmuş (2020-2024) “Azərbaycan Rektorlar Konfransının Yaradılması” (ECAR) layihəsinin yekunlaşmasına dair hesabat konfransı keçirilib. Konfransda ECAR layihəsinin beynəlxalq konsorsiumunun tam hüquqlu üzvü olmuş Dövlət Gömrük Komitəsinin Akademiyasını Akademiyanın rəis müavini Cəmilə Namazova və beynəlxalq əməkdaşlıq və layihələr koordinatoru Elvin Mecidov təmsil ediblər.

Konfransın məqsədi layihənin hazırlanıb Avropa Komissiyasına təqdim olunmasının və qrant müsabiqəsində seçilməsinin əhəmiyyəti, icra müddəti ərzində performans və nailiyyətləri, Azərbaycanın ali təhsil sisteminə və layihənin tərəfdaşı olmuş ali təhsil müəssisələrinə başlıca təsirləri, layihə konsorsiumunun Avropadan olan əsas benefisiar tərəfdaşlarının fəaliyyətləri, həmçinin layihənin yekunundan sonra onun nəticələrinin dayanıqlılığı kimi məsələlərin müzakirəsi olub.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, layihənin benefisiar Azərbaycan ali təhsil müəssisələrinin rektor və prorektorları, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı, həmçinin ölkəmizlə yanaşı Böyük Britaniya, Portuqaliya, Fransa və İsveçin nümayəndələri çıxış edərək layihənin strateji əhəmiyyətini, yaratdığı nəticələrin ali təhsil müəssisələri üçün vacibliyini, Avropa ali təhsil məkanına inteqrasiyada rolunu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ali təhsilin beynəlmiləlləşməsi sahəsində ali təhsil müəssisələrində həyata keçirilən bu cür layihələrin önəmini vurğulayıblar.

Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-Sənaye Əməkdaşlığı departamentinin direktoru və Erasmus+ ECAR layihəsinin koordinatoru Gülşən Bayramova öz hesabat-təqdimatlarında layihənin əsas məqsədi və hədəfləri, layihənin icra mərhələləri, o cümlədən layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında geniş məlumat veriblər.

Daha sonra layihə konsorsiumunun üzvü olan 21 Azərbaycan ali təhsil müəssisəsi tərəfindən imzalanmış və layihənin yekun nəticəsi hesab edilən Çoxtərəfli Tərəfdaşlıq Sazişinin təqdim edilməsi mərasimi keçirilib.

Qeyd edək ki, Erasmus+ ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilib və layihənin icra müddəti dörd il olub. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib qəbul edildikdən sonra Akademiyanın layihədə iştirakı 2022-ci ilin aprel ayından başlamışdı. Akademiyanın layihədəki fəaliyyətləri beynəlmiləlləşmə, strateji inkişaf, elmi işlər və digər istiqamətlərdə həyata keçirilib. Xüsusilə, İsveç, Belçika, Polşa, Litva və İspaniyada qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi baxımından layihə Akademiya üçün əhəmiyyətli olub.

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəllif(lər)ə aiddir və Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir. Aİ və EACEA onlara görə məsuliyyət daşımır.