Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə Biləsuvar Təhsil Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb

DGKA ilə Biləsuvar Təhsil Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Akademiyanın əməkdaşları, Kompleksin müəllim və şagirdləri iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti haqqında ətraflı məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə hər iki tərəf arasında əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Gömrük Akademiyasında olmaqdan məmnunluğunu bildirən icraçı direktor Aqşin Bağırov Təhsil Kompleksi haqqında məlumat verərək orta təhsil müəssisələri ilə ali təhsil müəssisələrinin birgə fəaliyyətinin yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb və yeni imzalanacaq memorandumun bu baxımdan uğurlu olacağına əminliyini vurğulayıb.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, birgə elmi-tədqiqatların aparılması, müəllimlərin peşəkar inkişafına dəstəyin göstərilməsi və digər məsələlər nəzərdə tutulub.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.