Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə Balıkesir Universiteti arasında görüş keçirilib

Gömrük Akademiyası ilə Balıkesir Universiteti arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Türkiyənin Balıkesir Universiteti arasında görüş keçirilib. Görüşdə Akademiyanın əməkdaşları, Balıkesir Universitetinin Beynəlxalq əlaqələr ofisinin nümayəndələri Ece Kanbur, Dinçer Kanbur və Muhammed Melih Gündüz iştirak ediblər.

Qonaqları salamlayan Akademiyanın rəis müavini Cəmilə Namazova Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq Akademiyanın fəaliyyət istiqamətləri barəsində məlumat verib, həmçinin Balıkesir Universiteti ilə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Ece Kanbur təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək müxtəlif istiqamətlər üzrə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.

Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.