Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə “Cybernetics” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

DGKA ilə “Cybernetics” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə “Cybernetics” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, “Cybernetics” şirkətinin direktoru Ceyhun Əliyev, şirkətin və Akademiyanın əməkdaşları iştirak ediblər.

Qonaqları salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov kibertəhlükəsizliyin müasir dövrümüzdəki əhəmiyyətindən, Akademiya ilə kibertəhlükəsizlik şirkətləri arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq son dövrlərdə DGK tərəfindən kifayət qədər rəqəmsal həllərin həyata keçirildiyini qeyd edib və qurulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzu edib.

“Cybernetics” şirkətinin direktoru Ceyhun Əliyev milli kibertəhlükəsizlik şirkəti olan “Cybernetics” fəaliyyəti haqqında məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.

Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “Cybernetics” şirkətinin direktoru Ceyhun Əliyev əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və digər məsələlər nəzərdə tutulub.