Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası “III Milli Kibertəhlükəsizlik Forumu”nda təmsil olunub

Gömrük Akademiyası “III Milli Kibertəhlükəsizlik Forumu”nda təmsil olunub

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.

Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və ölkəmizin kibertəhlükəsizlik üzrə aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri və digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri də iştirak ediblər.

Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi olub.

Forum çərçivəsində “Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq”, “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” və “Kiberdiaspora” adlı panellərdə müzakirələr aparılıb.

“Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” adlı panel müzakirəsində digər ali təhsil müəssələrinin rəhbərləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov da iştirak edib. Qulu Novruzov İT sahəsi üzrə tədris prosesinin əmək bazarının müasir tələblərinə cavab verməsinin önəmindən söz açaraq bu isiqamətdə keyfiyyətin artırılması üçün atıla biləcək addımlar barəsində bəhs edib.

Paneldə, həmçinin İnformasiya Təhlükəsizliyi üzrə Dövlət proqramında əmək bazarı subyektləri ilə ali təhsil müəssisələrinin qarşılıqlı əlaqəsi çərçivəsində bu sahədə görülən işlər barəsində məlumat verilib, kadr potensialının gücləndirilməsi məqsədilə təcrübə mübadiləsinin intensivləşdirilməsi, birgə maarifləndirici tədbir, təlim, forum və konfransların təşkil edilməsi və s. mövzulara dair müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Sonda Akademiyanın tələbələri forumda könüllü fəaliyyətlərinə görə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov tərəfindən sertifikatlarla təltif ediliblər.

Həmçinin tədbir zamanı Akademiyanın əməkdaşlarına “Gais”, "Malwation", "Peyk" kibertəhlükəsizlik şirkətləri tərəfindən proqram təminatı ilə bağlı Türkiyədə keçirilən təlimlərdə iştiraklarına görə sertifikatlar təqdim edilib.