Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Gömrük Akademiyası Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatı (BTK), Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzi (USOM), Türkiyə Kibertəhlükəsizlik Klastrı və sahə üzrə fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə Ankarada “Hacktrick” adlı kibertəhlükəsizlik konfransı keçirilib. Tədbir çərçivəsində tələbə və gənclər üçün kibertəhlükəsizlik təlimləri və CTF yarışı da təşkil olunub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan və ölkəmizin digər ali təhsil müəssisələrindən seçilmiş tələbələrlə yanaşı Akademiyanın İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan beş tələbəsi də iştirak edib.

Açılış tədbirində Türkiyənin aidiyyəti qurum və təşkilatlarının rəhbərləri və rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edib. O, Azərbaycanın kibertəhlükəsizlik ekosistemi, eləcə də ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı mübarizə sahəsində atılmış addımlar barədə məlumat verib.

Daha sonra kibertəhlükəsizliklə əlaqədar bir sıra çıxışlar və panel müzakirələri baş tutub.

Paneldə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov çıxış edərək ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması məqsədilə atılmış addımlar barəsində bəhs edib, bu sahədə AKTA-nın fəaliyyəti, eləcə də TDT ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulmuş fəaliyyətə dair məlumat verib.