Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında informasiya təhlükəsizliyi ixtisası ilə bağlı təlim keçirilib

Gömrük Akademiyasında informasiya təhlükəsizliyi ixtisası ilə bağlı təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsinin təqdimatı və mövzu üzrə təlim keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov müasir dövrümüzdə kibertəhlükəsizlik sahəsi üzrə kadrlara tələbatda ciddi artımın müşahidə olunduğunu diqqətə çatdıraraq Assosiasiyası tərəfindən ölkənin kibertəhlükəsizlik sahəsində elmi-texniki və kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında bəhs edib. Ölkədə informasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti, kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsaslarından danışılaraq sözügedən layihə əsasında üç fənn (İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri, veb təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi) üzrə müxtəlif mövzular əsasında tədris materiallarının hazırlandığı qeyd olunub.

Daha sonra “YER.AZ” şirkətinin rəhbəri Rəşad Əliyev təqdimatla çıxış edərək veb təhlükəsizlik, şəbəkə təhlükəsizliyi, kibercinayətlər və onlara qarşı mübarizə, kibertəhlükəsizliyin təmin olunması barəsində ətraflı məlumat verib.

İnteraktiv formatda davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.